Accessibility links

İran Azərbaycanla viza rejimini ləğv edib


Azərbaycan vətəndaşları üçün viza rejiminin birtərəfli qaydada ləğv edilməsi haqda İran hökumətinin çıxardığı qərar 2010-cu ilin əvvəlindən qüvvəyə minəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Cənab Bəhrami İran tərəfinin rəsmi Bakının da analoji addım atacağına ümid edir.
İranın viza rejimi ilə bağlı tətbiq etdiyi yeni qaydaya uyğun olaraq ilk vaxtlar Azərbaycan vətəndaşları İran ərazisinə 1 ay müddətinə vizasız səfər edə biləcək, gələcəkdə səfər müddətini 3 ayadək uzatmaq nəzərdə tutulur. İndiyədək İran yalnız Türkiyə üçün viza rejimini ləğv edib.
Mətbuat konfransında səfir Qarabağ probleminə də toxunub. O bildirib ki, İran Azərbaycan ərazilərinin işğal edilməsini həmişə pisləyib və indi də pisləyir. Səfir hesab edir ki, “regionun problemlərini region ölkələri özləri həll etməlidir və başqalarının vasitəçiliyi uğurlu deyil. O, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının müvəffəqiyyətsizliyini xatırladıb. “17 ildir ki, bu qrup mövcuddur, amma heç bir nəticə yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, onlar münaqişənin həllini istəmir, sadəcə öz mənafelərini güdür”.
O İranın Azərbaycandan qaz almaqda maraqlı olduğunu deyib. “İran Azərbaycandan ildə 5 milyard kubmetr qaz almağa ümid edir”

XS
SM
MD
LG