Dekabrın 23-də bələdiyyə seçkiləri Azərbaycanda demokratiyanın
vəziyyətinin qənaətbəxş olmadığını və yerli özünüidarə orqanlarının
zəifliyini nümayiş etdirdi. Avropa Şurasının Yerli və Regional
Hakimiyyətlər Konqresinin 23 dekabr bələdiyyə seçkilərini müşahidə edən
Monitorinq Missiyasının gəldiyi nəticə belə idi.
11 nəfərdən
ibarət missiya 100-ə yaxın seçki məntəqəsində monitorinq aparıb. Bundan
başqa, nümayəndə heyəti dekabrın 7-8-də seçkiqabağı vəziyyətin
monitorinqini aparıb.
Səsvermə gününü səciyyələndirən
nümayəndə heyətinin rəhbəri Qayə Doğanoğlu (Türkiyə) qeyd edib ki,
“seçkilər sakit keçib və yaxşı təşkil edilmişdi”. “Buna baxmayaraq,
konkret təkmilləşdirmələrə ehtiyac var”, deyə o qeyd edib.
Missiyanın
məruzəçisi Fransis Lek (Fransa) demokratik mühit üçün müstəqil mətbuat
və ifadə azadlığı olması zərurətini qeyd edib. O xatırladıb ki,
Azərbaycan qanunvericiliyi bələdiyyələrin yarısından çoxunda
namizədləri olan siyasi partiyalar üçün ödənişsiz əsaslarla efir vaxtı
ayrılmasına yol verir. “Buna görə, telekanallar faktiki olaraq,
Azərbaycanda birpartiyalı sistemi əks etdiriblər və bu, seçkilərdə
böyük rol oynayıb”, deyə Lek bildirib.
“Bəzi məntəqələrdə baş
verən hadisələr səsvermənin düzgünlüyünə şübhə doğurur. Azərbaycan
hökuməti prosedurları təkmilləşdirməlidir” deyə Fransis Lek qeyd edib.
“Bələdiyyə
seçkilkəri sanki gözəgörünməz idi. Küçələrdə, televiziyalarda, gündəlik
mediada, cammat arasında seçki ilə bağlı heç nə eşitmədik. Yaxşı seçki
kampaniyası demokratiyanın əlamətidir”. Missiyanın digər məruzəçisi -
Jan Klod Frekon belə deyib.
Müşahidə missiyasının qənaətinə
görə, siyasi müxalifət parçalanmış və mediaya çıxışı olmayan vəziyyətə
salınıb. “Bizə elə gəlir ki, güclü və həqiqi siyasi müxalifətin
olmaması seçkini gözəgörünməz şəklə saqlıb. Həqiqi demokratiyalarda
güclü iqtidarla yanaşı, güclü və həqiqi müxalifətin oması da vacibdir”,
- deyə Jan Frekon qeyd edib.
O, Azərbaycanın Avropa Yerli
Özümnüidarə Xartiyasına əməl etmədiyini deyib. “Azərbaycanda
bələdiyylərin səlahiyyəti və maliyyə resursları çox azdır. Hakimiyyətə
müraciət edirik ki, mərhələ-mərhələ bələdiyyələrin səlahiyyətini
artırsın”.
Jan Frekon səsvermə prosesindən danışarkən
məntəqələrdə avadanlıq və təchizat baxımından xeyli irəliləyişin
müşahidə edildiyini bildirib. “Səsvermə prosesi daha yaxşı təşkil
edilmişdi. Əvvəlki seçkilərə nisbətdə, bir ailə üzvü digərlərinin
əvəzinə səs vermirdi, kabinələrdə eyni vaxtda iki nəfərə az rast
gəlinirdi”.
O, eyni zamanda, bir çox müşahidəçilərin “Yeni
Azərbaycan” Partiyasını təmsil etdiyini qeyd edib. “Digərləri isə
müstəqil müşahidəçi olduğunu və ya şəxsi təşəbbüsü ilə gəldiyini
deyirdi. Öz təşəbbüsü ilə gələn müşahidəçini hansı tərəfin göndərdiyini
müəyyən edə bilmirdik”, deyə o bildirib.
Müşahidə missiyası
namizədlərin sayı çox olan məntəqələrdə seçki bülletenlərini oxumağın
çətin olduğunu bildirib. “Gələcək seçkilərdə seçki bülletenləri
təkmilləşdirilməlidir”, deyə o vurğulayıb.
Onun sözlərinə
görə, səslərin sayılması kifayət qədər yaxşı aparılmırdı. “Seçicilərin
fəallığı 32 faiz olub və bu, yerli seçkilər üçün çox az faizdir. Yaxşı
demokratiyalarda kimin səs verib-verməməsini bilmək vacibdir”.
Müşahidə
missiyasının üzvü Anyu Kurmanşap hesab edir ki, seçici fəallığının 32
faiz olması yaxşı göstərici deyil. “Yerli seçkilər insanların yaşadığı
yer üzrə məsuliyyətinin göstəricisidir. Hesab edirəm ki, bələdiyyələrin
səlahiyyəti və maliyyə resursları artırılmalıdır”.
Müşahidə missiyasının yekun hesabatı 15 gün sonra açıqlanacaq. Missiya Konqresin Şurası qarşısında hesabatla çıxış edəcək.