ABŞ Dövlət katibi Hillari Klinton Çin, İran və digər ölkələri xalqlarının öz fikirlərini İnternet vasitəsilə çatdırmasına məhdudiyyətlər qoyduğuna görə tənqid edib.
Bu gün Vaşinqtonda danışan xanım Klinton deyib ki, azadlıq artıq vətəndaşların öz hökumətlərinə qarşı qorxusuz və cəzalandırılmadan şəhər meydanına çıxa bilib-bilməməsilə ölçülmür. Onun sözlərinə görə, sürətlə mesaj göndərmək, bloqlar və e-mail ideyaların bölüşdürülməsi üçün yeni imkanlar açmış və senzura üçün yeni hədəfə çevrilmişdir.
Dövlət katibi Klinton deyib ki, kibernetik məkanda hücumlarla məşğul olan ölkələr və ayrı-ayrı şəxslər bunun nəticələrilə qarşılaşacaqlar. O, Çin, İran, Tunis, Özbəkistan, Misir və Vyetnamda İnternetə senzura qoyulmasını xüsusi qeyd edib.
Xanım Klinton İranda dövlətin nəzarətində olan mətbuatda müxalifətin keçirdiyi nümayişlərin göstərilmədiyi foto-şəkillər və videoları yayan vətəndaş jurnalistlərə yüksək qiymət vermişdir. Keçən il nümayişlər zamanı gənc iranlı qadının öldüyünü göstərən videonun dünya ölkələrində yayılmasına işarə edən Dövlət katibi Klinton demişdir ki, bu, Tehran hökumətinin qəddarlığına “digital ittiham” idi.