Accessibility links

Hillari Klinton Amerikanın Səsinə müsahibə verib


Ötən həftə ABŞ dövlət katibi Hillari Klinton Londonda Əfqanıstana yardım mövzusunda keçirilən konfransda iştirak edib. Xanım Klintonla Parisdə görüşən Amerikanın Səsinin müxbiri Deyvid Qollast dövlət katibinə xarici siyasət sahəsində üzləşilən bir sıra mühüm məsələlərlə bağlı suallar ünvanlayıb.

Amerikanın Səsinə müsahibədə ABŞ dövlət katibi Hillari Klinton Əfqanıstanda hökumətin barışıq səyləri, ABŞ-Rusiya münasibətləri, Ukraynada seçkilər və Haitiyə yardım kimi məsələlərə toxundu.

Prezident Həmid Karzayın Talibanla barışıq səylərindən danışan xanım Klinton bir çox qadın hüquqları qruplarının barışığın mümkün fəsadlarından narahatlıqlarını bölüşdüyün dedi. Onun sözlərinə görə Vaşinqton çalışacaq ki, Taliban qalıqları ilə razılıq Əfqanıstanda qadınların fundamental hüquqlarının müdafiəsini zərbə altında qoymasın.

NATO-nun genişlənməsi barədə danışan Hillari Klinton Rusiyanın bundan narahatlıq duymasına əsas olmadığını söylədi. Belə ki, Şərqi Avropa dövlətlərinin NATO-ya daxil olması bu ölkələrdə siyasi sabitliyə rəvac verir ki, bu, da uzun dönəmdə Rusiyanın qərb sərhədlərində narahatlıq mənbələrinin yaranamamasına xidmət göstərir. Rusiyada son illərdə demokratiya və insan haqları sahələrində bir sıra geriləmələri önə çəkən ABŞ rəsmisi prezident Dmitri Medvedevin bu yönümdə həyata keçirmək istədiyi dəyişikliklərin əhəmiyyətini vurğuladı. “Zənnimcə uzun dönəmdə Rusiyanın fikir ayrılığına dözüm göstərməsi, azad bazarı genişləndirməsi və dünyada ticarət təşkilatına daxil olması bu dövlətin maraqlarına xidmət edir və ruslara kömək edərdi,” deyə o, bildirdi.

Ukraynadakı seçki prosesinə toxunan Hillari Klinton bu ölkənin NATO-ya daxil olub-olmamasının ukraynalıların səlahiyyətinə daxil olduğunu söylədi. Gürcüstanın üzvlüyünə gəldikdə isə, o, NATO-nun hazırda bu ölkənin üzvlük standardlarına cavab verdiyini nəzərdən keçirdiyini dilə gətirdi. O, habelə ABŞ da başda olmaqla Qərbin Gürcüstanın ərazi bütövlüyünə dəstəyini izhar etdi.

“Avropa və ya ABŞ, yaxud da başqa NATO dövlətləri qətiyyən Cənubi Osetiyanın və Abxaziyanın Gürcüstandan ayrılmasının legitimliyini tanımır. Biz Rusiya ilə Gürcüstan arasında münasibətlərin inkişaf edəcəyinə və hər iki tərəfin gərginlikdən və təxribatdan yayınacağına ümid edirik,” deyə ABŞ dövlət katibi bəyan etdi.
XS
SM
MD
LG