Bu
gün Ukraynada president seçkiləri keçirilib. Prezidentlik uğrunda iki namizəd –
hazırkı baş nazir Yuliya Timoşenko və Rusiyayönümlü müxalifət lideri Viktor
Yanukoviç gərgin mübarizə aparır. Hətta bu gün səsvermə başlamamışdan əvvəl də
tərəflər bir-birini seçkiləri saxtalaşdırmaqda ittiham edib. Baş nazir
Timoşenko və cənab Yanukoviç keçən ay keçirilən birinci raund president
seçkilərində ilk iki yeri tutan namizədlərdir. Tərəflərin kampaniyaları
qarşılıqlı böhtan və təhqirlərlə yadda qalıb. Namizədlərdən hər hansının
nəticələri qəbul etməyəcəyi təqdirdə kütləvi nümayişlərin baş qaldıracağı
istisna edilmir. Daha öndə olduğu iddia edilən cənab Yanukoviç yenidən siyasətə
qayıtmağa çalışır. O, 2004-cü ildə onun qalib gəldiyi açıqlansa da, sonrada
kütləvi pozultular səbəbilə keçirilmiş etiraz nümayişləri Narıncı İnqilaba yol
açmış və keçirilmiş yeni seçkilər nəticəsində qərbyönümlü hazırkı president
Viktor Yuşçenko dövlət başçısı seçilmişdi.