Bura Şef Kreoldur - Mayaminin kiçik Haiti məhəlləsində lokal restoran. Yerli icma üzvləri problemlərini unutmaq üçün burada yığışır. Lakin Haitidə baş verən zəlzələ hamının fikrindədir. Verne Sejur Şef Kreolun meneceridir: “Hal hazırda bu mənim üçün kədərli andır, çünki mən ailə üzvlərimi, hər şeyimi itirmişəm. İki qardaşımı və bir bacımı itirmişəm”.
Küçənin o biri tayında da sentiment eynidir.
Rosa Dalia yeddi il ABŞ-da yaşayıb. O, zəlzələdə ailə üzvlərini və evini itirdiyini deyir.
İtkilərə baxmayaraq bu icma ümidlidir, ələlxüsus haitili mühacirlərə ABŞ-da qanuni şəkildə qalaraq işləməyə icazə verildikdən sonra.
Karlin Floridada Müvəqqəti Qorunmuş Status üçün müraciət edən 68 min haitilidən biridir: “Zənnimcə bu, çox adama kömək edəcək, xüsusilə mənə. Mən bu gün müraciət etdim və bundan çox sayda haitili faydalanacaq”.
ABŞ hökuməti TPS adlanan proqramı Haitidə zəlzələ baş verəndən az sonra təsis edib. Bu proqram ABŞ-da qeyri qanuni yaşayan 100-200 min arasında haitiliyə 18 ay qalmağa icazə verəcək. Qodfrid Sen Feli də Haitidəndir. Onun sözlərinə görə, bir çox haitililər ABŞ-a gəldikdən sonra işləyə bilmədiklərindən cinayətə qurşanırlar. Bu proqram onlara həqiqi ABŞ həyatını təcrübədən keçirməyə imkan verəcək.
Mayaminin Katolik Hüquq Xidmətləri haitili mühacirlərə Müvəqqəti Qorunmuş Ştatusu üçün müraciət etməkdə kömək edir. İndiyədək bu qurum 1200 adama kömək edib. İcraçı direktor Rəndi MakQorti deyir ki, bir çox miqranlarda bu status haqda səhv anlayışlar var. Onlardan bəziləri hesab edir ki, ailə üzvlərini də Amerikaya gətirə bilərlər. Lakin proqram buna icazə vermir.
Müvəqqəti Qorunmuş Status sakinlik və ya vətəndaşlıq bəxş etmir, və cinayətə görə iki il məhkum edilmiş şəxslərə qadağandır. Lakin proqram ABŞ-dan deprotasiya ilə üzləşən 30 min haitilinin Amerikada qalmasına icazə verir.
ABŞ hökuməti hazırda Amerikada qeyri-qanuni yaşayan haitililərə xüsusi mühacirət statusu verib
- Amerikanın səsi