Accessibility links

Çin iqtisadiyyatı: dövlət sektoru, yoxsa özəl sektor - 2003-01-20


Çin kommunist partiyasının növbəti qurultayında iqtisadi inkişaf məsələləri müzakirələrin mərkəzində oldu. Ölkə iqtisadiyyatında bu gün dövlət sektoru, yoxsa özəl sektor əsas rol oynayır? Rəsmi nümayəndələr ölkə iqtisadiyyatının əsasını dövlətə məxsus şirkətlərin təşkil etdiyini bildirirlər. Bununla belə, yeni iş yerləri yaratmaq və iqtisadi artımın yüksəlməsinə nail olmaq kimi problemlərin həllinə gəldikdə, burada özəl şirkətlərin rolu qeyd edilir. Çin iqtisadiyyatının aparıcı mütəxəssisləri dövlət sektorunun özəl sektor qədər effektiv olmalı olduğunu söyləyirlər. Onlar 1989-cu ildən ölkədə dövlətə məxsus şirkətlərin yarıdan çoxunun bağlandığını və bunun nəticəsində 25 milyon adamın işsiz qaldığını qeyd edirlər. Lakin Çinin İqtisadiyyat və Planlaşdırma komissiyasının sədri Zenq Peiyan dövlət sektorunun indi də ölkə iqtisadiyyatının özəyini təşkil etdiyini deyir. Çin kommunit partiyasının qurultayında çıxış edən nazir deyir ki, Çində “sosialist bazar iqtisadiyyatı” qurulur. Burada isə dövlətə məxsus şirkətlərin daha tə’sirli şəkildə işləyib iqtisadi artıma yardım edəcəkləri nəzərdə tutulur.

Çin Kommunist partiyasının son qurultayında ilk dəfə olaraq özəl bisnes sahəsində faəliyyət göstərən işguzar adamların kommunist partiyasına üzv ola bilməsinə imkan verəcək qanunlar təsdiq edildi. Bu, son illər həyata keçirilən ən böyük və mühüm dəyişikliklərdən biridir. Belə ki, əvvəllər Çində sahibkarlar kommunist partiyasının tərəfdarlarından ibarət fəhlə sinfini istismar edən qrup hesab edilirdi. Son iyirmi ildir Çində həyata keçirilən iqtisadi islahatlar özəl şirkətlərin bir çoxu üçün geniş imkanlar yaratmışdır. Bunun nəticəsində milyonlarla yeni iş yeri açılmış, güclü iqtisadi artım müşahidə olunmuşdur. Çin iqtisadçıları ölkə iqtisadiyyatında 2001-ci ildə artımın 8 faiz təşkil edəcəyini söyləyirlər. Mütəxəssislərin fikrincə, kreditləri əsas e’tibarilə dövlət sektorunda çalışan şirkətlərə verən dövlətə məxsus banklar özəl şirkətlərlə də eyni səviyyədə çalışsalar bu, onların daha da artıq inkşaf edə bilməsinə gətirib çıxarar. İqtisadçılar bu sahədə artıq dəyişikliklərin müşahidə olunduğunu söyləyir, həm banklar, həm də vergi idarələrinin hər iki sektorda çaşılan şirkətlərlə eyni işgüzar münasibətlər qurmalı olduğunu deyirlər. Çin iqtisadiyyatının aparıcı ekspertləri onu da qeyd edirlər ki, gələcəkdə hökumət ölkə iqsadiyyatında daha az rol oynayacaq və sənaye sahəsini idarə etməsinə baxmayaraq, əsas mənbələrin bölüşdürülməsi işini bazar münasibətləri əsasında çalışan aparıcı qüvvələrə həvalə edəcək.

XS
SM
MD
LG