Qərbi Afrika ölkələrinin liderləri Liberiyaya sülhümühafizə qüvvələrinin ilk qrupunun bazar ertəsi göndərilməsi haqda razılıq əldə ediblər. Bu haqda razılıq bu gün Qanada Qərbi Afrika ölkələrinin iqtisadi birliyinin keçirdiyi fövqəladə zirvə görüşündə elan edilib. Toplantı iştirakçıları prezident Çarlz Teylorun hakimiyyəti adı açıqlanamayan şəxsə təhvil verməli olduğunu və ölkədən mühacirət etməli olduğunu bəyan ediblər. Çarlz Teylor Nigeriyanın ona sığınacaq vermək təklifini qəbul edib. Qərbi Afrika ölkələrinin iqtisadi birliyi Liberiyaya sülhümühafizə qüvvələrinin tərkibində təxminən üç min əsgərin göndərilməsinə çalışır. Liberiya paytaxtı Monroviyada isə üsyançı qüvvələr döyüşləri davam etdirirlər, artıq ölkənin ikinci böyük şəhəri olan Bukananda da Teylor hökumətinin devrildiyi xəbər verilir.