Accessibility links

Yaponiyada girovlarla bağlı böhran davam edir - 2004-04-16


Iraqda girov götürülmüş 3 Yapon vətəndaşının azad edilməsindən sonra, Yaponiya öz diqqətini itkin düşmüş əlavə 2 Yaponun taleyinə yönəltməkdədir. Bu iki nəfər son dəfə Bağdadın həndəvərində görünmüşdülər. Amerikanın Səsi radiosunun müxbiri Steve Herman Tokyodan verdiyi xəbərə görə Yaponiya Baş Naziri Juniçiro Koizumi Cümə günü deyib ki, onun hökuməti müstəqil jurnalist və onun insan hüquqları fəalçısı olan otaq yoldaşının taleyindən xəbərsizdir. Bu iki nəfər Çərşənbə axşamı itkin düşüblər. Bağdaddan göndərilən email mesajı şahidlərdən sitat gətirərək bildirir ki, onlar qiyamçılar tərəfindən girov götürülmüşlər.

Yaponiya Xarici İşlər Nazirliyi bəyan edir ki, ölkəsinin İordaniyadakı səfirliyində yaradılmış işçi qrup 30 yaşlı Cumpey Yasuda və 36 yaşlı Nobutaka Vatanabe haqda əlavə məlumat əldə etməyə çalışır.

Bu arada Cümə axşamı Bağdadda azad edilmiş 3 Yapon girovu Cümə günü təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yola düşüblər. Orada onlar Yaponiya hökumət rəsmiləri tərəfindən dindiriləcək və tibbi müayinədən keçəcəklər.

Yaponiya rəsmiləri keçmiş girovların Bazar günü mülki reys vasitəsilə Osaka yaxınlığındakı aeroporta qayıtmasını nəzərdə tuturlar.

Amma azad olunmuş 3 nəfərdən ikisi İraqda qalmaq istədiklərini deyirlər. Müstəqil fotojurnalist Soiçiro Koriyama söyləyir ki, o, İraqda qalıb fotoşəkillər çəkməyi davam etdirmək istəyir. Yardım könüllüsü Nahako Takato isə ozünün kücələrdəki uşaqlarla apardığı işi davam etmək arzusunu dilə gətirmişdir.

Söylənilən rəylər Yaponiya baş nazirini qıcıqlandırıb. Cənab Koizumi deyib ki, hökumətdə çalışan bir çox adam onların azad edilməsi üçün neçə gün yeməksiz və yuxusuz qalıblar. Azad edilmiş girovlar başqalarının onlar üçün göstərdiyi fədakarlığı nəzərə almalıdırlar.

Baş hökumət sözçüsü Yasuko Fukuda isə düşünür ki, həmin 3 nəfərin Yaponiyaya qayıtması, istirahət etməsi və öz gələcək planları barədə düşünüb daşınması məsləhətdir.

Cənab Koizumi həmçinin bəyan edib ki, 5 Yapon vətəndaşının girov götürülməsinə baxmayaraq onun hökuməti Ozünümüdafiə Qüvvələrini cənubi İraq şəhəri olan Samavahda saxlamaqla İraqın rekonstruksiyasına sadiq qalacaq.

Müdafiə Agentliyi Direktoru General Şigeru İşiba Cümə günü deyib ki, İraqın həmin hissəsindəki vəziyyət stabildir və Yapon qoşunlarının çıxarılmasına ehtiyac yoxdur. Xatırlatmaq gərəkdir ki, vaxtikən Yapon özünümüdafiə qüvvələrinin İraqa göndərilməsini təmin etməkdən ötrü, onların müharibə gedən zonada olmasını qadağan edən xüsusi qanun qəbul edilmişdi.

Amerika Birləşmiş Ştatlarının Yaponiyadakı səfiri Hovard Baker Cümə günü verdiyi müraciətdə girovların salamat azad edilməsindən məmnunluğunu izhar etmişdir. Müraciətin mətnində deyilir ki, Birləşmiş Ştatlar bu xoşbəxt nəticənin əldə edilməsi üçün əlindən gələni edən bütün Yapon hökumətini təbrik edir. Cənab Baker həmçinin öz ölkəsinin girov götürüldükləri güman olunan əlavə iki Yapon vətəndaşının azad edilməsi üçün Yaponiyaya yardım göstərməyə hazır olduğunu dilə gətirmişdir.

XS
SM
MD
LG