Koalisiya qüvvələri İraqın müxtəlif bölgələrdə radikal şiə ruhanisi Əl-Sədrə sadiq yaraqlılarla döyüşlərini davam etdirirlər. Koalisiya qüvvələrinin İraqın Kərbəla şəhərində apardığı döyüşlər nəticəsində bir neçə iraqlının həlak olduğu və yaralandığı xəbər verilir. Amerika vertolyotları yaraqlıların mövqelərini atəşə tutmuşlar. Bəsrədən Amaraya gedən Britaniya qüvvələri üç dəfə pusquya salınmış, bir neçə iraqlı həlak olmuş, iki əsgər yaralanmışdır. Nəsriyyədə isə koalisiya qüvvələrinin idarələri qumbara və minomyot hücumuna məruz qalıb. İçəridə olan Britaniya, Amerika və italyan nümayəndələr arasında tələfat olub-olmadığı bilinmir. Mosulda yeni ordu sıralarına qoşulan bir qrup iraqlı hücuma məruz qalmışdır. Hadisə zamanı 4 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır. Son günlər Müqtəda Əl-Sədr şiə liderlərin tələbi ilə Mehdi Ordusunu buraxa biləcəyini deyirdi. İndi isə o, Nəcəf şəhərindən çıxmayacağı və ordunun buraxılmayacağını bildirir.