Demokrat Con Kerrinin Respublikaçı Senator Con MakKeynlə sonuncunun Demokrat partiyasının vitse-prezidentliyinə namizədi olması ilə bağlı apardığı danışıqlar sona yetib. Hər iki adama yaxın olan mənbələrin dediyinə görə Con Kerrinin cənab MakKeynə qarşıdan gələn seçkilərdə özünün vitse-prezidentlyə namizəd yoldaşı olması təklifindən Senator MakKeyn boyun qaçırıb. Jurnalistlər və siyasətçilər belə güman edirlər ki, çox nadir olan ikipartiyalı komanda ilə çıxış etmək, Kerrinin prezident seçilmə imkanlarını qat-qat artırardı. Onların fikrincə öz müstəqilliyinə görə tanınan Respublikaçı senator və keçmiş müharibə əsiri bütün siyasi spektrum boyu seçicilər arasında rəğbətlə qəbul olunur. Amma onu da qeyd edək ki, Cənab MakKeyn siyasi mühafizəkar olaraq Senator Kerrinin çox fikirlərini bölüşmür.