İraq hökumətinin bildirdiyinə görə şiələrin müqəddəs Nəcəf şəhərində hərbi əməliyyatlar bərpa olunacaq. Buna səbəb bir həftəlik zorakılıqlardan sonra ABŞ-ın dəstəklədiyi iraqlı qüvvələrlə qiyamçılar arasında əldə olunmuş atəşkəsin pozulmasıdır. İraqın Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri bildirib ki, hökumət böhranın siyasi həllini tapmaq üçün lazım olan bütün cəhdləri edib. Buna baxmayaraq qanunçuluğu bərpa etmək üçün siə militantlara qarşı hücum yenidən başlanacaq. Radikal şiə ruhanisi Moqtada Əl Sədrin nümayəndəsi danışıqların pozulmasının məsuliyyətini İraqın müvəqqəti baş naziri İyad Ələvinin üzərinə qoyur. Bu arada isə Samara və Hilla şəhərlərində həyata keçirilmiş əməliyyatlar zamanı 90-a yaxın yaraqlı qətlə yetirilib.