İranın nüfuzlu sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin müşavirlərinin bildirdiyinə görə, o, iyunun 17-də keçiriləcək prezident seçkilərində iştirak edəcək. Onlar bildiriblər ki, cənab Rəfsəncani bu günün sonuna qədər bununla bağlı rəsmi açıqlama verəcək. 70 yaşlı ruhani qərblə əlaqələrin yaxşılaşdırılmasına tərəfdar olan mötədil mühafizəkar hesab edilir. Bir neçə qeyri-formal rəy sorğusu göstərir ki, cənab Rəfsəncani prezident Məhəmməd Xatəmini əvəzləyəcək başqa sərt mövqeli mühafizəkarlardan xeyli irəlidə gedir. Bu gün prezidentliyə namizədliyə qeydiyyat üçün başlamış beş günlük müddətin birinci günüdür. Bu müddət bitdikdən sonra təyin edilmiş 12 ruhanidən ibarət olan Nəzarət Şurası siyahını nəzərdən keçirərək və kimin seçkilərdə namizəd kimi iştirak edib-etməyəcəyini müəyyənləşdirəcək.