Accessibility links

Vaşinqtonda Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası olub


Vaşinqtonda Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası olub. İclasda Azərbaycanda makroiqtisadi siyasət və inkişaf, ticarət və sərmayə mühiti, iqtisadi islahatlar, eləcə də ikitərəfli iqtisadi əməkdaşlıq sahələrinin müxtəlifləşdirilməsi müzakirə edilib. Müzakirələr Azərbaycanın maliyyə naziri Samir Şərifovun və ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Daniel Sallivanın həmsədrliyi altında keçirilib. Cənab Sallivan AzərTAc agentliyinə bildirib ki, konkret məsələlər üzrə irəliləyiş əldə etməklə yanaşı, iclas həm də iki ölkənin əsas iqtisadi qurumları arasında etimad və münasibət yaradan vasitədir. “Məncə Azərbaycanda elə təsəvvür yaranıb ki, ABŞ-ın Azərbaycandakı iqtisadi maraqları əsasən enerji ilə əlaqədardır. Bu, əməkdaşlığımızın mühüm hissəsi olsa da, yeganə hissəsi deyil. İclasın gündəliyi daha genişdir və yeni əməkdaşlıq sahələrini əlavə etmək şərti ilə iqtisadi tərəfdaşlığın şaxələndirilməsi və genişləndirilməsi yollarını axtarmağı nəzərdə tutur. Məsələn, indiki müzakirələrdə ABŞ ticarət nazirinin müavini Azərbaycandakı səfirliyimizdə tezliklə ticarət attaşeliyinin yaradılacağını elan edib”.
İqtisadi tərəfdaşlıq üzrə işçi qrupu formatında başlayan ikitərəfli məsləhətləşmələr Birləşmiş Ştatların təklifi ilə İqtisadi Tərəfdaşlıq Komissiyası müstəvisinə keçib. Maliyyə naziri Samir Şərifov agentliyə bildirib ki, bu, bilavasitə ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin nəticəsidir.

XS
SM
MD
LG