Accessibility links

Azərbaycanda jurnalistlərin aclıq aksiyası altı gündür davam edir


Həbsdə olan “Gündəlik Azərbaycan qəzetinin baş redaktoru Eynulla Fətullayevin martın 26-dan başladığı aclıq aksiyası davam edir. Bu gün aksiyaya həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, hüquq müdafiəçisi Arzu Abdullayeva, tanınmış jurnalist Zamin Hacı və daha 3 nəfər qoşulub. Hazırda 14 nəfər jurnalistlərin azadlığa buraxılması tələbi ilə aclıq edir. Zamin Hacı isə ad gününü aclıq aksiyasına qoşulmaqla qeyd edib. Bu gün coxsaylı siyasi liderlər, hüquq müdafiəçisi, Milli Məclisin müxalifətdə olan deputatları aclıq edənlərə baş çəkib. Avropa Şurası Baş Katiblinin Azərbaycanda xüsusi nümayəndəsi Denis Bribosia da aclıq edənlərin səhhəti ilə maraqlanıb və onların çarpayısı başında xüsusi bəyanatla çıxış edib. "Bu gün Avropa Şurası Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı dünənkindən daha çox narahatlıq keçirir. Son dövrlər mətbuat və söz azadlığı sahəsində vəziyyət daha da pisləşib. AŞ-nin Baş katibi öz bəyanatında bunu qeyd edib. Jurnalistlərə qarşı fiziki hücumlar tamamilə qəbul edilməzdir. Bu zorakı hücumlar, Sizin bu qeyri-zorakı aksiyanızla kontras təşril edir. Təəssüf edirəm ki, jurnalistlər səslərinin eşidilməsi üçün aclıq etməyə məcbur olur. Mən bununla bağlı baş katibə məlumat çatdıracam. AŞ-nin bütün monitorinq qurumları Azərbaycanda söz azadlığının vəziyyəti ilə məşğul olacaq”-deyə o bildirib. "Gündəlik Azərbaycan" qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu isə Azərbaycanın Avropa qurumlarına inteqrasiyası başladıqdan sonra ölkədə söz azadlığının vəziyyətinin pisləşməyə başlandığınıı deyib. Onun fikrincə, Avropa qurumları enerji təhlükəsizliyi haqda düşünməyə üstünlük verir. Söz Azadlığını Müdafiə Komitəsinin keçirdiyi sammitdə isə deputat Pənah Hüseyn, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, “Ümid” partiyasının sədri, deputat İqbal Ağazadə aclıq aksiyasına qoşulacaqlarını bəyan edib. Sammitdə Azərbaycan xalqına və AŞ-nin rəhbərlərinə müraciət də qəbul edilib. Müraciətdə Azərbaycanda mətbuatın boğulması prosesinə dərhal müdaxilə etmək, bütün həbsdə olan jurnalistlərin və siyasi məhbusların azad edilməsinə nail olmağa çağırışlar yer alıb. Bu gün həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov da hüquq müdafiəçiləri ilə görüşündə aprelin 3-dən aclıq aksiyasına qoşulacağını bəyan edib. Hüquq müdafiəçisi Səidə Qocamanlı “Amerikanın səsi” radiosuna Eynulla Fətullayevlə görüşü barədə də məlumat verib. “Jurnalist aclığı sonadək davam etdirəcəyini bildirdi. O arıqlayıb və artıq həkim nəzarətindədir”-deyə xanım Qocamanlı qeyd edib.
XS
SM
MD
LG