Accessibility links

İlqar Məmmədov: "Moskva səmimi deyil"


Moskvada Rusiya və Azərbaycan prezidentləri Qafqazda son durum və Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edib. Danışıqlar başa çatdıqdan sonra Rusiya prezidenti Dmitri Medvedyev bildirib ki, Rusiya və Azərbaycanın qarşılıqlı fəaliyyəti Qafqazda sülh və təhlükəsizliyin mühüm amillərindən biridir. “Mən Azərbaycan prezidentinə Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi məqsədilə atdığı addımlar haqqında məlumat verdim”. Prezident İlham Əliyev isə deyib ki, Azərbaycan Qafqazda narahatlıq doğuran vəziyyətin normallaşmasına yardım etməyə hazırdır. “Bütün məsələlər sülh yolu ilə dialoq və qarşılıqlı hörmət əsasında həll edilməlidir” -deyə o əlavə edib. Dövlət başçıları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələri barədə də bəyanatla çıxış edib. Cənab Medvedyev bildirib ki, Rusiya bundan sonra da Qarabağ münaqişəsinin nizamlanması prosesinə bacardığı qədər yardım edəcək. "Biz Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqların davam etdirilməsini dəstəkləyirik. Rusiyanın mövqeyi əvvəlki kimi qalır: bundan sonra da bu çətin məsələnin qarşılıqlı qəbul edilə biləcək həlli yolunun axtarışına maksimum yardım göstərəcəyik. Biz problemlə bağlı əlaqələri ən yaxın zamanda davam etdirəcəyik". Cənab Əliyev isə Rusiyanın münaqişəsinin həllində fəal roluna ümid etdiyini deyib. “Problemin mürəkkəbliyinə baxmayaraq, bizə elə gəlir ki, bu gün bütün ölkələrin maraqlarına cavab verəcək və beynəlxalq hüquq normalarına əsaslanacaq nizamlanma üçün zəmin var". Azərbaycan və Rusiya prezidentlərinin danışıqları son zamanlar Qafqazda baş verən hadisələr fonunda yerli mətbuatın və ictimaiyyətin diqqət mərkəzindədir. Politoloqlar hesab edir ki, Rusiya Qafqazdakı son hərbi-siyasi fəaliyyəti ilə Azərbaycanı təsiri altına salmağa cəhd edir. Politoloq İlqar Məmmədovun fikrincə, Rusiya Azərbaycanla münasibətlərdə heç zaman səmimi olmayıb. Bu danışıqlar da nə enerji daşıyıcılarının dünya bazarına çıxarılmasında, nə də Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Azərbaycanın mənafeyinə xidmət etmir. O güman edir ki, Rusiya Azərbaycanın NATO-ya üzvlüyə can atmaqdan çəkinməyə çağırıb və bunun müqabilində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllinə kömək edəcəyinə vəd verib. Yeri gəlmişkən bildirim ki, elə bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə NATO qərargahında fərdi əməkdaşlıq proqramının yerinə yetirilmə vəziyyəti ilə bağlı 26+1 formatında müzakirələr aparır. Politoloq İlqar Məmmədov hesab edir ki, Azərbaycan nəhayətdə balanslı siyasət kursundan əl çəkib böyük hərbi alyanslara qoşulmalıdır. Çünki belə olmazsa növbəti böhran vəziyyətində hərbi təzyiqə məruz qala bilər. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi də Qafqazda son vəziyyətlə bağlı fikrini açıqlayıb. Onun sözlərinə görə, Xəzər təhlükəsizlik platforması inkişafda olan bir ideyadır və ABŞ bunu sadəcə müşahidə edir. “ABŞ Cənubi Qafqaz və Xəzər bölgəsini tərəqqidə, inkişaf etmiş, sabit və dinc bir region kimi görmək istəyir. Gürcüstanda baş verən olaylar sübut etdi ki, mövcud lokal münaqişələrin həlli vaxtı gəlib çatıb. ABŞ vitse-prezidenti Dik Çeyni Azərbaycanda olduğu vaxt deyib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən uyğun və həmişəkindən vacib bir vaxtdır. Cənab Çeyni Azərbaycana səfəri zamanı ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib və deyib ki, Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış həlli Azərbaycanın ərazi bütövlüyü prinsipindən başlanmalıdır. Təbii ki, digər beynəlxalq və diplomatik təcrübələr də nəzərə alınmalıdır. ABŞ bu sahədə hər zaman fəaliyyət göstərib və bu kimi fəal təşəbbüsləri davam etdirəcək”. Səfir ABŞ-ın təsir bölgələri ifadəsinə inanmadığını bildirib. ”Düşünürük ki, Qafqazda mövcud olan suveren və müstəqil dövlətlər öz gələcəklərini seçmək hüququna malikdir və öz istiqamətlərini özləri təyin edirlər. Bu isə ABŞ-ın uzunmüddətli mövqeyidir və bu mövqe dəyişilməz olaraq qalır” -deyə o qeyd edib.

XS
SM
MD
LG