Accessibility links

Qafqazın enerji təhlükəsizliyi


Sülh və Münaqişələrin Həlli Mərkəzi "Qafqazın Təhlükəsizliyi - bu enerji təhlükəsizliyidirmi?" mövzusunda ekspertlərin iştirakı ilə dəyirmi masa keçirib. Tədbirdə əsasən Xəzər regionun enerji resursları, regional münaqişlər, ABŞ və Avropanın enerji təhlükəsizliyində rolu diqqət mərkəzində olub. Sahibkarlığın İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov bildirib ki, Azərbaycan bir neçə on illiyə öz enerji təhlükəsizliyini təmin edib və regionun enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Onun sözlərinə görə, Türkmənistan qazının, Qazaxıstan neft və qazının Azərbaycan ərazisi vasitəsi ilə daşınması reallaşdıqca ölkənin enerji təhlükəsizliyində rolu daha da artacaq. Dünyanın 2007-ci ilin əvvəlində təsdiq olunmuş neft ehtiyatlarının 8 faizi, qaz ehtiyatlarının isə 15 faizi Xəzər regionunda cəmləşib. Onun fikrincə, Azərbaycanın enerji təhlükəsizliyi məsələsi günün mövzusu deyil. Ancaq Ermənistan və Gürcüstan üçün bu məsələ aktualdır. Cənab Bağırov transxəzər neft və qaz kəmərlərinin çəkilişini vacib sayır. Bu kəmərlərin çəkilişi Azərbaycan üçün siyasi və iqtisadi dividentlər gətirəcək. Azərbaycanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək. Onun fikrincə, Rusiya kəmərlərin reallaşmasına təhlükələr yaradır. «Turan» Agentliyinin iqtisadi eksperti Toğrul Cuvarlı Azərbaycanın enerji təhlükəsizliyində iqtisadi amillərlə yanaşı siyasi amillərin mühüm rol oynadığını bildirib. Onun fikrincə, hazırda neft və qaz resurslarına dövlətlər nəzarət etdiyindən enerji təhlükəsizliyi məsələsi daha çox siyasi amillərlə bağlıdır. Buna görə də enerji təhlükəsizliyi ilə bağlı dünyada proseslər çox tez-tez dəyişir. Ekspert Transxəcər qaz və neft boru kəmərlərinin Azərbaycanın və regionun təhlükəsizliyində mühüm amil kimi qeyd edib. Onun qənaətincə, bu kəmərlərin çəkilməsi regionda təhlükəsizlik mənzərəsini dəyişəcək. Azərbaycana gəlincə, cənab Cuvarıl hesab edir, bu ölkə İran və Rusiya ilə də əməkdaşlıq etməlidir. Politoloq Rasim Musabəyov düşünür ki, Azərbaycan enerji təhlükəsizliyində rolunun artmasından istifadə edərək, Ermənistanın təcavüzünü aradan qaldırmalıdır. Belə ki, hazırda Avropa və dünyanın aparıcı dövlətlərinin enerji təhlükəsizliyi məsələsində Azərbaycana diqqəti artmaqdadır. İqtisad Universitetinin alimi Qadir Bayramlı Qafqazda ən böyük hidroenerji resurslarının Gürcüstanda olduğun bildirib. Ancaq alimin fikrincə, regionun ən böyük enerji resursları türk dövlətlərinə məxsusdur və bu Avropa bazarında Rusiyaya alternativ ola bilər. Cənab Bayramlı Rusiya və İranı bölgənin və Avropanın enerji təhlükəsizliyinə təhlükə hesab edir. Alim bölgənin enerji təhlükəsizliyində dövlətlərin mühüm rolunu qeyd etsə də bu işdə ən mühüm yeri özəl şirkətlərin tutacağını önə çəkib. Milli Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın fikrincə, qərbin və ABŞ-ın bölgədə enerji maraqları regional münaqişələrin həllinə təsir etməyəib, yalnız bu münaqişələri müvəqqəti olaraq dondurub. Ekspert hesab edir ki, region dövlətləri enerji məsələlərindən münaqişələrin həllində əsas amil kimi istifadə etməlidir.
XS
SM
MD
LG