BMT Baş katibi ban Ki Mun Ümumdünya Ətraf Mühit günü münasibətilə müraciət qəbul edib.
Sənəddə deyilir ki, insan fəaliyyəti nəticəsində istixana effekti yaradan qazların havaya atılması planetimizin istiləşməsinə səbəb olur. Atmosferdə karbon qazının konsentrasiyası son 600 000 ilin bütün göstəricilərdən daha çoxdur və getdikcə daha yüksək sürətlə artmaqdadır. «İqlim dəyişikliyinin ən dramatik əlamətləri qütb regionlarında müşahidə olunur. Arktikada istiləşmənin sürəti orta qlobal göstəricidən iki dəfə çoxdur. Daimi arktik dəniz buzunun sahəsi və qalınlığı getdikcə azalır, əsrlərlə donmuş vəziyyətdə olan daimi buzlaqlar əriməkdədir, Qrenlandiya və Antarktikadakı buz örtüyü təxmin olunduğundan da sürətlə əriyir».
Onun fikrincə, istiləşmənin nəticələri Arktika əhalisi və ekosistemləri üçün olduqca ciddidir. Geri çəkilən dəniz buzları təsirə həssas arktik növlərin təbii yaşayış sahəsini kiçildir. «Bu dəyişikliklər həmçinin Arktikanın nəinki qida təminatı, həm də mədəni özünəməxsusluğu ilə təbiət aləmindən asılı olan yerli icmalarına təsir göstərəcək».
Baş katib hesab edir ki, istiləşmə yalnız qütblərə aid olan bir problem deyil. «2007-ci ildə Ümumdünya Ətraf Mühit Gününün mövzusu – “Əriyən buz: qaynar mövzu!” – iqlim dəyişikliyinin bütün regionlara təsirini əks etdirir. Dənizlərin səviyyəsi qalxdıqca bütün yer üzündəki alçaqda yerləşən adaların və sahilyanı şəhərlərin sakinləri daşqın təhlükəsi ilə üzləşirlər. Dünya sığorta şirkətləri ekstremal hava şəraiti nəticəsində dəymiş ziyanın ödənilməsi üçün ildən-ilə daha böyük məbləğlər ayırır. Buzlaqlar əridikcə hökumətlər gələcək su təchizatı məsələsini daha böyük narahatçılıqla nəzərdən keçirirlər. İqlim dəyişikliyi ilə əlaqədar hava şəraiti modellərinin dəyişməsi dünya əhalisinin quruda yaşayan üçdə bir hissəsini, xüsusən də Afrika sakinlərini səhralaşma, quraqlıq və ərzaq təhlükəsizliyi problemlərinin kəskinləşməsi ilə hədələyir.
Cəmiyyətin mədən yanacaq növlərindən asılı olması ictimai-iqtisadi inkişafı və bizim gələcək təhlükəsizliyimizi şübhə altına alır».
Sənədə görə, yaxınlaşan bu böhranın qarşısını almaq üçün çoxlu sayda siyasi və texnoloji fəaliyyət variantları var.
«Lakin onlardan istifadə etmək üçün daha böyük siyasi iradə lazımdır. Ələlxüsus inkişaf etmiş ölkələr istixana qazlarının havaya atılmasını azaltmaq və enerjidən səmərəli istifadə edilməsini dəstəkləmək üçün daha çox işlər görə bilər. Onlar həm iqtisadiyyatı sürətlə yüksələn Braziliya, Çin və Hindistan kimi ölkələrdə ekoloji cəhətdən təmiz inkişafı, həm də iqlim dəyişikliyi nəticəsinə ən böyük çətinliklərlə üzləşmiş ölkələrdə uyğunlaşma tədbirlərini dəstəkləyə bilər».