Accessibility links

Neft Akademiyasında silahlı basqında günahlandırılan iki nəfər həbs edilib


Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında günahsız insanların qəsdən öldürülməsi və həyatlarına sui-qəsd faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Məlumatda deyilir ki, cinayətin törətmiş Fərda Qədirovun köməkçisi qismində iştirak etmiş Nadir Əliyev istintaqa cəlb olunub və onun barəsində həbs qəti imkan tədbiri seçilib. “Nadir Əliyev yarana biləcək maneələri aradan qaldırmaq və planlaşdırılmış cinayətin həyata keçirilməsinə şərait yaratmaq məqsədilə hadisə vaxtı odlu silahla silahlanmış Fərda Qədirovla birlikdə Dövlət Neft Akademiyasının inzibati binasının qarşısına gələrək cinayətin törədilməsində iştirak edib”.
Xəbərə görə. cinayəti törətmiş Fərda Qədirovla hadisədən əvvəl müntəzəm əlaqə saxlamaqla martın 12-də Bakı şəhərinə gəlmiş Gürcüstanın Marneuli rayonunun Şulaveri qəsəbəsinin sakini Cavidan Amirov da istintaqa cəlb olunub. “Onun yaşadığı mənzildən “AKM” avtomatına və “Makarov” tapançasına aid 12 ədəd patron, habelə 5,04 qram həşiş qatranı aşkar edilərək götürülüb. C.Amirov barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məlunmatda bildirilir ki, hazırda cinayətin təşkilatçılarının, təhrikçilərinin, digər iştirakçılarının və törədilmə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri intensiv şəkildə davam etdirilir.
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın olub. Basqınçı Fərda Qədirov 12 tələbə və müəllimi qətlə yetirib, 13 nəfəri yaraladıqdan sonra özünü güllələyib.

XS
SM
MD
LG