Accessibility links

Amerika-Azərbaycan hərbi məsləhətləşmələri keçirilir


Amerika ilə Azərbaycan arasında hərbi sahədə növbəti məsləhətləşmələr başlayıb. Ötən həftə ekspertlər səviyyəsində keçirilən məsləhətləşmələr bu gün yüksək səviyyəli nümayəndə heyətləri tərəfindən davam etdiriləcək. ABŞ nümayəndə heyətinə bu ölkənin müdafiə nazirinin müavininin NATO və Avropada siyasi məsələlər üzrə köməkçisi Daniel Fata rəhbərlik edir. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bir neçə gün öncə hərbi məsləhətləşmələrin əsas mövzusunun Azərbaycanın müdafiə sisteminin islahatları, dəniz və quru sərhədlərinin möhkəmləndirilməsinə kömək ətrafında aparılacağını deyib. Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu yüksək səviyyəli hərbi məsləhətləşmələrin iki gün davam edəcəyini bildirib. Onun sözlərinə görə, məsləhətləşmələr əsasən Azərbaycan NATO fərdi tərəfdaşlıq planının ikinci mərhələsində ABŞ-ın yardımlarını əhatə edəcək. Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim isə Azərbaycan-NATO münasibətlərinin müsbət inkişafda olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan NATO ilə fərdi tərəfdaşlıq planının birinci mərhələsini uğurla yerinə yetirib və NATO rəhbərliyi planın ikinci mərhələsini martın 7-də bəyənib. Müstəqil politoloqlar Amerika -Azərbaycan hərbi məsləhətləşmələrinin bütövlükdə regionun təhlükəsizliyinə müsbət çalarlar gətirdiyini düşünür. Politoloq Rasim Musabəyov hesab edir ki, bu məsləhətləşmələr həm də beynəlxalq təhlükəsizliyə töhvələr verir. Onun fikrincə, İranın nüvə proqramı da danışıqların mövzusu olacaq. Yeri gəlmişkən onu da bildirim ki, bu gün Azərbaycan Müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı Harri Vyattla görüşüb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, cənab Əbiyev Azərbaycanla ABŞ arasında hərbi sahədə əlaqələrdə bir sıra müsbət nəticələr əldə edildiyini bildirib. “İndi əməkdaşlığımız həm ikitərəfli, həm də NATO-nun proqramları çərçivəsində davam edir”. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələlərinə də toxunulub. Cənab Vyatt Azərbaycanın regionda tutduğu mövqeni, sülhyaratma əməliyyatlarında və qlobal terrorizmə qarşı mübarizədə fəal iştirakını xüsusi vurğulayıb.
XS
SM
MD
LG