Accessibility links

ATƏT Azərbaycanda jurnalistlərin böhtana görə həbs edilməməsini istəyir


ATƏT və Azərbaycanın "Yeni nəsil" Jurnalistlər Birliyinin təşəbbüsü ilə «Azərbancan KİV-də böhtan problemi» mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə ATƏT-in, Avropa Şurasının ekspertləri, yerli mətbuat orqanlarının rəhbərləri, jurnalist təşkilatları və Azərbaycan Prezidentinin İcra Aparatının təmsilçisi iştirak edib. ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi bildirib ki, informasiya müasir cəmiyyətin əsasını təşkil edir. İnformasiya və jurnalistlər təsirlərdən müdafiə olunmalıdır. «Cəmiyyətin də qeyri professional jurnalistlərdən müdafiəsinə ehtiyac var. Bununla yanaşı, informasiyanın müdafiəsi azad düşüncə tərzinin müdafiəsidir, bunun yollarından biri təhqir və böhtana görə cinayət məsuliyyətinin ləğv edilməsidir. Avropanın və dünyanın bir çox ölkələrində jurnalistlərin cinayət təqibi yoxdur. Jurnalistikanın keyfiyyətinə nəzarətə gəldikdə isə, bu jurnalistlərin özündən və cəmiyyətdən asılıdır. Bir çox ölkələrdə ictimai nəzarət o qədər güclüdür ki, mətbuat öz fəaliyyətinə diqqət yetirməli olur. Ümid edirik ki, Azərbaycan qanunvericiliyində də bu sahədə təkmilləşdirilmə aparılıacaq». Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdürü Əli Həsənov böhtana görə cinayət məsuliyyətinin ləğv edilməsinin "humanist addım" olması ilə razılaşıb. Lakin onun fikrincə, bu jurnalistlərin "qanunlara hörmət etdiyi, ictimai fikri formalaşdırdığı, etik davranış kodeksini pozmadığı" ölkələrdə mümkündür. Cənab Həsənov hesab edir ki, jurnalistlərin böhtana görə cinayət təqibindən azad edilməsi fiziki qisasa, hətta qan düşmənçiliyinə gətirib çıxarar. Onun gümanına görə, cinayət məsuliyyətinin mülki məsuliyyətlə əvəz edilməsi insanların jurnalistlərlə haqq-hesab çəkməsinə də səbəb ola bilər. ATƏT-in mətbuatt azadlığı üzrə nümayəndəsi Mikloş Xaraşti bildirib ki, dekriminalizasiya şərəf və ləyaqətin təhqir edilməsinə göz yummaq demək deyil. O böhtana görə jurnalistlərin cinayətkarlarla bir yerdə saxlanmasını yolverilməz hesab edir. "Dövlət danışan dilləri cəzalandırmamalıdır. Bu orta əsrlərə xasdır, 21-ci əsrə yox. Azərbaycan Avropa Şurasının və insan hüqüqları üzrə Avropa Məhkəməsinin üzvüdür. Strasburq məhkəməsi şərəf və ləyaqətin təhqir edilməsilə əlaqədar müraciətlərə baxmır, əksinə şərəf və ləyaqətin təhqirinə görə bütün cəzaları ləğv edir. Beynəlxalq standartlara görə, yalnız cinayətkarlar barəsində həbs seçilə bilər. Mayın 3-də İnformasiya Azadlığı günü münasibətilə AŞ Baş katibi Terri Devis üzv dövlətləri böhtana görə cinayət məsuliyyətini ləğv etməyə çağırıb. Ümid edirik ki, Azərbaycan da bu çağırışa əməl edəcək». Cənab Xaraşti hesab edir ki, hər bir şəxsə sözün qüdrətindən istifadə üçün imkan verilməlidir. «Şərəf və ləyaqətin təhqirinə görə həbs olduqda belə debat, fikir, sərbəst toplaşmaq azadlığına imkan verilməlidir. Çünki mübahisə, debat, toplaşmaq azadlığı olmadan seçki azadlığı da mümkün deyil. Jurnalistləri həbsxanaya atmaq mübahisə azadlığının məhdudlaşdırılmasıdır». ATƏT-in eksperti Devid Pribuzinin sözlərinə görə, Avropa Şurasına üzv ölkələrin böyük əksəriyyəti böhtana, şərəf və ləyaqətin təhqirinə görə jurnalistlərin həbsinə morotorium qoyub. «Azərbaycan da bu metoddan istifadə edə bilər. Rusiyada jurnalist Anna Politkovskayanın qətli dünyada geniş mübahisələr doğurub. Bu Rusiyada söz və mətbuat azadlığı sahəsində böyük böhrandan xəbər verir. Jurnalistləri qorumaq lazımdır, öldürmək, həbs etmək yox. Qanunvericiliyə dəyişikliyin Azərbaycana nə qədər vacib və faydalı olduğu dərk edilməlidir». «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, böhtana görə cinayət məsuliyyətinin mülki məsuliyyətlə əvəz edilməsi qəbul ediləndir və bu hər hansı problem yaratmayacaq. Onun dediyinə görə, medianın vəziyyəti heç də Azərbaycandan yaxşı olmayan Gürcüstanda artıq bu dəyişiklik edilib və insanlar arasında hər hansı qarşıdurma baş verməyib. Cənab Əliyevin fikrincə, Azərbaycanda jurnalistika sahəsində problemin həlli üçün ilk öncə mətbuatın siyasi alətə çevrilməsinin qarşısı alınmalıdır. Onun qənaətincə, azadlığı azaltamaqla məsuliyyəti artırmaq mümkün deyil. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Azərbaycana səfəriinin yekunları ilə bağlı mətbuat konfransı da keçirib. O ölkədə son zamanlar jurnalistikanın vəziyyətinin getdikcə pisləşdiyini bildirib. «Bu dəyişiklik yaxşılıqdan pisliyə doğru gedir. Mən demirəm, Azərbaycanda tamamilə söz və mətbuat azadlığı yoxdur. Hökumət təsirli tədibrlər görmür». Cənab Xaraşti səfəf zamanı "Azadlıq" qəzetinin satirik yazarı Mirzə Sakitin məsələsinə də toxunduğunu deyib. "Onun narkotikdən istifadə etməsi ilə bağlı inandırıcı sübut yoxdur. Məsələyə ikinci məhkəmə mərhələsində daha çox aydınlıq gətiriləcək. Bu məhkəmə prosesi Azərbaycandan kənardan da izlənir. O məhkəmənin ikinci mərhələsində bəraət də ala bilər. Mən məhkəmənin ikinci mərhələsinə daha çox ümid bağlayıram". ATƏT-in nümayəndəsi "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin hələ də açılmamasından təəssüf hissi keçirir. "Mənim dostum Elmar Hüseynovun qətlinin istintaqı inandırıcı görünmür.Tez-tez dəyişkən istintaq müşahidə edirik. Moskvalı jurnalist Anna Politkovskayanın qətli də Elmar Hüseynovun qətli ilə oxşardır. İstintaqın işində aşkarlıq yoxdur. İnanırıq ki, həqiqətin, jurnalizmin xatirinə bu qətlin üstü açılacaq". O Milli Teleradio Şurasının yerli teleradiolara qərb radio və televiziyalarının verilişlərinin yayımını dayandırması ilə bağlı xəbərdarlığına da münasibət bildirib. "Niyə məhz "Amerikanın səsi", "Azadılq" və BBC radiolarından danışılır. Bu radioların proqramlarına cəmi iki saat vaxt ayrılır və yerli stansiyaların bunu yaymağa imkanı var"-deyə o qeyd edib.
XS
SM
MD
LG