Avropa İttifaqında sədrlik edən Çexiya hökumətinin baş naziri Mirek Topolanek Azərbaycanda səfərdədir. O bu gün prezident İlham Əliyev və baş nazir Artur Rasizadə ilə danışıqlar aparıb.
Görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin, o cümlədən energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Prezident İlham Əliyev Azərbaycanla Çexiya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Onun fikrincə, iki ölkə arasında iqtisadi, energetika sahəsində əməkdaşlığın gələcəkdə genişləndirilməsi üçün yaxşı potensial var. “İkitərəfli əlaqələrimiz, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində daha da möhkəmləndirilməsi baxımından da önəmlidir.”
“Çexiyanın Avropa İttifaqında sədrliyi dövründə Aİ ilə əməkdaşlığa səy göstərən ölkələr üçün viza rejiminin sadələşdirilməsi, gələcəkdə sərbəst ticarət zonası yaradılması kimi yeni təşəbbüslər prioritet olacaqdır”. ”. Bu bəyanatla cənab Topolanek baş nazir Artur Rəsizadə ilə danışıqları başa çatdıqdan sonra çıxış edib. .
Onun fikrincə, “Yeni qonşuluq”, “Şərq tərəfdaşlığı” kimi proqramlar Avropa İttifaqında üzvlüyü əvəz edə bilməz. “Lakin Ukrayna, Gürcüstan, Azərbaycan və başqa ölkələrin də bu istiqamətdə irəliləməsi üçün biz həmin təşəbbüsləri onlar üçün reallaşdırmağa çalışırıq”.
Cənab Rasizadə isə bildirib ki, Azərbaycan Avropa strukturlarına fəal inteqrasiya etmək niyyətindədir. “Bu yolda çox işlər görülüb və bundan sonra daha çox işlər görülməlidir”.
Görüşdə regionda vəziyyət, beynəlxalq həyatın aktual problemləri barədə geniş fikir mübadiləsi aparılıb.
Avropa İttifaqında sədrlik edən Çexiya hökumətinin baş naziri Mirek Topolanek səfəri çərçivəsində Qazaxıstan və Türkmənistan və Azərbaycanda olub.