Accessibility links

Beynəlxalq terrorizmin Qafqazda məqsədləri, hədəfləri və strategiyası


Sülh və Münaqişələrin Həlli Mərkəzi “Beynəlxalq terrorizmin Qafqazda məqsədləri, hədəfləri və strategiyası” mövzusunda müzakirələr keçirib. Mərkəzin rəhbəri Elxan Mehdiyev bildirib ki, 11 sentyabr hadisələrindən sonra terrorizmi dünyada təhlükəsizliklə bağlı birinci məsələyə çevrilib. Burada isə daha çox dini və etnik terrorizmi qabardılır. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Cənubi Qafqaz ölkələri üçün gözlənilən terror təhlükələrindən danışıb. Onun fikrincə, Cənubi Qafqazda terror təhlükəsi gözlənilən birinci ölkə Azərbaycandır. Burada həm dini, həm etnik, həm də xarici ölkələrin təsiri altında olan təşkilatların terror hədəfləri mövcud ola bilər. Ekspert hesab edir ki, elə təhlükələr var ki, birbaşa terror təşkilatları ilə deyil dövlətlərlə bağlı olur. O belə təhlükələrin adətən hər hansı regionda dövlətlərin maraqlarının toqquşduğu vaxt reallaşdığını deyir. Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbərin fikrincə, Azərbaycanın dünyada enerji istehsalçısı və tranzit ölkə kimi əhəmiyyəti artdıqca terror təhlükələri də artır. O hesab edir ki, bölgənin geosiyasi əhəmiyyəti, mədəni və dini düşüncələrin sərhəddində yerləşməsi, region uğrunda qərblə Rusiya və İran arasında mübarizənin daha da kəskinləşməsi, Cənubi Qafqaz dövlətlərinin strateji seçiminin qərbə inteqrasiya olması təhlükələri daha da ciddi məcraya yönəldir. Politoloq Ərəstun Oruclu terror təşkilatlarının, xüsusilə də dövlətlərə bağlı terror təşkilatlarının qlobal strategiyalarla çıxış etdiyini deyib. Onun fikrincə, bu təşkilatlar rüşvət və korrupsiyaya uğramış hökumətlərdə daha asan maliyyə mənbələri tapa bilir. Hərbi ekspert Azad İsazadə hazırda Qafqazda davam edən silahlanmanın terror üçün münbit şərait yaratdığını deyib. Ekspertin fikrincə, bu bölgədə klassik müharibələr bərpa edilsə silsilə terror aktları istisna edilmir. Çünki region dövlətlərində bir-birinə qarşı uzun müddət müqavimət göstərmək üçün kifayət edəcək silahlar var. Siyasi ekspert Elşən Mustafayev Cənubi Qafqaz dövlətlərinin daxilində də terrorizmə meyllərin artdığına işarə edib. Onun fikrincə, hakimiyyətin demokratik yolla dəyişilməsinə inanmayan çoxsaylı gənclərin ekstremist təşkilatlara cəlb olunması halları artmaqdadır. Din məsələləri üzrə ekspert Vasif Sadıxlı hesab edir ki, vətəndaş resurslarından ekstremist və terrorist təşkilatların istifadə etməməsi üçün siyasi institutların fəaliyyəti canlandırılmalıdır. Beynəlxalq münasibətlər üzrə ekspert Araz Aslanlı beynəlxalq terrorizmin siyasi təzyiq vasitəsi olduğunu bildirib. Ona görə də beynəlxalq ictimaiyyət bu bəlaya qarşı təsirli mübarizə aparmalıdır.
XS
SM
MD
LG