Accessibility links

NATO ekspertləri Azərbaycanda qiymətləndirmə aparır


NATO-nun ekspertlər qrupu Azərbaycan-NATO fərdi əməkdaşlıq planının həyata keçirilməsi və planın ikinci mərhələsinin başlanması ilə bağlı qiymətləndirmə aparır. Bu gün NATO-nun ekspertləri Müdafiə nazirliyi sistemində görülən işlərlə tanış olub, müdafiə və xarici işlər nazirliklərində görüşlər keçirib. Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu “Amerikanın səsi” radiosuna bildirib ki, ekspertlər planın birinci mərhələsinin yerinə yetirilməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, planın ikinci mərhələsində qanunvericilik və idarəetmə sahəsində NATO standartlarına uyğunlaşdırmanın daha da dərinləşdirilməsi əsas məqsəddir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da bu günlərdə NATO ilə əməkdaşlığın Azərbaycan tərəfini qane etdiyini bildirib. Onun sözlərinə görə, ikinci mərhələdə hərbi sahədə islahatlar daha da dərinləşdiriləcək. Müstəqil ekspertlər isə NATO ilə fərdi əməkdaşlıq planının birinci mərhələsində Azərbaycan tərəfinin öhdəlikləri axıradək yerinə yetirmədiyini bildirir. “Ehtiyatda olan Zabitlər Birliyi”nin sədri Yaşar Məmmədli hesab edir ki, hökumət öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ikinci mərhələyə keçid xeyli uzanıb. Plandakı ictimai nəzarət və demokratikləşmə sahəsinə gəlincə, müstəqil politoloqlar bu sahədə də ciddi irəliləyişlərdən danışmağın tez olduğunu vurğulayır. “Şərq-Qərb” Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Orucov hesab edir ki, adətən plan birinci mərhələsi lazımınca yerinə yetirilməyəndə ikinci mərhələ müəyyən edilir.
XS
SM
MD
LG