Accessibility links

ABŞ, Britaniya və İsrailin Bakıdakı səfirliyini partlatmaq istəyən qrupların məhkəməsi davam edir


Azərbaycanın Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəməsində milli ordunun keçmiş zabiti Kamran Əsədov və daha 19 nəfərdən ibarət radikal dini qruplaşmanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Baş leytenant Kamran Əsədov 2007-ci il oktyabrın 24-də hərbi hissədən qaçıb və özü ilə 4 avtomat, pulemyot, 20 qumbara və çox sayda patron götürüb. Oğurlanmış silah-sursatın bir hissəsi Bakıdan 170 kilometr şimal-qərbdə İsmayıllı rayonunda gizlədib, bundan sonra qrup üzvləri Amerika və Böyük Britaniyanın səfirliklərinə qarşı terror aktı törətmək üçün Bakıya gəliblər. Lakin qrup üzvlərinin bir neçəsi oktyabrın 27-də Bakının Maştağa qəsəbəsində saxlanılıb. Bu zaman silahlı müqavimət göstərən qrup üzvlərindən biri həlak olub. Qrupun digər iki üzvü saxlanıb.
2007-ci il noyabrın 9-da İsmayıllı rayonunda Kamran Əsədov və onun daha yoldaşı saxlanıb. Dindirilmə zamanı onlar oktyabrın 30-da "LUKoil" yanacaqdoldurma məntəqəsinə basqın etdiklərini və ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı Bəxtiyar Orucov adlı şəxslə birlikdə terror aktı hazırladıqlarını təsdiq ediblər.
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələrlə ittiham olunan daha 6 nəfərin cinayət işi üzrə digər bir proses də başlayıb. Bu qrup isə İsrailin Bakıdakı səfirliyini partlatmağı qarşısına məqsəd qoyubmuş.
Müttəhimlər kürsüsündə 2 Livan vətəndaşı - Kərəki Əli Məhəmmədin, Nəcməddin Əli Hüseyn və 4 Azərbaycan vətəndaşı - Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşov əyləşib.
Qrup İsraildən qisas almaq üçün “Hizbullah” və “Sepah” kimi terror təşkilatlarının sifarişi ilə İsrailin Azərbaycandakı səfirliyini, həmçinin Qəbələ rayonu ərazisində yerləşən Qəbələ RLS-i partlatmağı planlaşıdırıb. Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətin qarşısı alınıb.


XS
SM
MD
LG