Accessibility links

Dövlət ittihamçısı “Azadlıq” qəzetinin baş redaktoruna beş il həbs istəyib  


Yasamal rayon məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin işi üzrə məhkəmə prosesi dövlət ittihamçısının çıxışı ilə davam edib. Dövlət ittihamçısı Ceyhun Kazımov məhkəmədən Qənimət Zahidə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Baş redaktor ötən ilin noyabrında xuliqanlıq və bədənə az xəsarət yetirmə ittihamları ilə həbs edilib. O həbsini siyasi sifariş adlandırıb. “Azadlıq” qəzeti hökuməti və iqtidarı kəskin tənqid mövqeyində dayanır. Bundan öncə də qəzetin satirik yazarı, Qənimət Zahidin qardaşı Mirzə Sakit narkotiklərin qanunsuz saxlaması ittihamı ilə 3 il 6 ay azadlıqdan məhrum edilib, qəzetin digər əməkdaşı Fikrət Hüseynli oğurlanaraq fiziki təzyiqə məruz qalıb. Vəkil Osman Kazımov dövlət ittihamçısının baş redaktora ittiham üzrə nəzərdə tutulan ən ağır cəzanı istəməsini siyasi sifarişin bir daha sübutu kimi dəyərləndirir. Onun sözlərinə görə, cənab Zahid aparıcı qəzetin baş redaktoru, ziyalı olmasının fərqinə varılmasa belə, cinayət işlərində suçlu bilinənlərə də sanksiyanın ən yuxarı həddi elan edilmir. Vəkil baş redaktorun həbsini, həm də mətbuata hədə sifarişi kimi dəyərləndirir. Vəkil məhkəmə istintaqının da obyekt aparılmadığı qənaətindədir. Onun sözlərinə görə, məhkəmə prosesində vəkillərin vəsatətlərinin əksəriyyəti təmin edilməyib.
XS
SM
MD
LG