ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Ruben Cefri Bakıda səfərdədir. O bu gün prezident İlham Əliyev, xarici işlər, maliyyə nazirləri, Dövlət Neft Şirkətinin və Dövlət Neft Fondunun başçıları ilə görüşüb.
AzərTAC Agentliyinin məlumatına görə, Azərbaycan prezidenti ilə görüşdə iki ölkə arasında iqtisadiyyat, energetika və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın inkişafı, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezidenti İlham Əliyev bildirib ki, ABŞ dövlət katibinin müavininin səfəri Azərbaycan-ABŞ ikitərəfli münasibətlərini, o cümlədən iqtisadi sahədə əməkdaşlığın hazırki vəziyyətini və perspektivlərini, regional məsələləri müzakirə etmək üçün yaxşı imkan yaradıb.
Xarici işlər Naziri Elmar Məmmədyarovla görüşdə cənab Ceffri
enerji diversifikasiyasının hazırda mühüm strateji əhəmiyyət daşıdığını və ABŞ-ın da bu məsələdə maraqlı olduğunu bildirib.
Xarici İşlər nazirliyinin məlumatına görə, tərəflər həmçinin Azərbaycan iqtisadiyyatında diversifikasiyanın vacibliyini vurğulayıb, qeyri-neft sektorunun inkişaf etdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, yüksək texnologiyaların Azərbaycana gətirilməsi, aqro-biznes, turizm və ekologiya sahələrində birgə işbirliyinin qurulması barədə fikir mübadiləsi aparıb.
ABŞ Dövlət katibinin müavini səfərinin yekunlarını uğurlu və vacib adlandırıb. O jurnalistlərlə söhbətində bildirib ki, ABŞ və Azərbaycan arasında çox mühüm və geniş iqtisadi əməkdaşlıq mövcuddur. "Görüşlərim çox effektli olub və nəticələrdən razıyam. İqtisadi əməkdaşlıq siyasət, təhlükəsizlik və diplomatiya məsələlərini əhatə edən daha geniş ikitərəfli dialoqun mühüm komponentidir. Biz bütün bunları yüksək qiymətləndirir və bu prosesin gələcək inkişafını dəstəkləyirik", - deyə cənab Cefri bildirib.
İqtisadi ekspertlər də Azərbaycanla-Amerika iqtisadi əlaqələrinin gələcək inkişafını vacib sayır. İqtisadi Tədqiqatlar mərkəzinin rəhbəri Qubad İbadoğlunun fikrincə, Azərbaycanda daha səmərəli investisiya mühitinin yaradılması, yeni texnologiyaların tətbiqi və kənd təsərrüfatına investisiyaların qoyulması baxımından iki ölkə arasında əməkdaşlıq persperktivləri səmərəli ola bilər.
Ekspert turizmin inkişafı baxımından Amerika ilə Azərbaycan arasında aviasiya əlaqələrinin yaradılmasını da vacib sayır. Onun fikrincə, iki ölkə arasında birbaşa uçuşlar təşkil edilərsə iqtisadi və biznes strukturları arasındakı əlaqələr də genişlənər.