Ağır Cinayət İşləri üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyilə "Azadlıq" qəzetinin satirik-yazarı Mirzə Sakitə qarşı məhkəmə prosesi başlayıb. Məhkəmənin gedişini ABŞ, Böyük Britaniya səfirliklərinin əməkdaşları, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri, yerli hüquq-müdafiəçiləri də izləyib.
Satirik-jurnalist proses başlayanadək bir neçə satirik şerlərilə jurnalistlərə müraciət edib. Lakin hakim jurnalistlərin məhkəmədən audio və foto aparatlardan istifadəsinə icazə verməyib.
Mirzə Sakitə qarşı Cinayət Məcəlləsinin külli miqdarda narkotik maddənin satış məqsədilə əldə edilməsi maddəsilə cinayət işi qaldırılıb. Lakin şair-satirik özünü günahkar saymır. "Mənə qarşı irəli sürülən ittiham yalan, iftira və fırıldaqdır"-deyə o məhkəmədə bəyan edib.
Şair iqtidarda olan rüşvətxor və korrupsionerləri tənqid etdiyinə görə həbs edildiyini bildirib: "Milli Məclisin iclasında mənim kitabım müzakirə olunub və həbsimin vacibliyi deyilib. Həbsimdən iki gün öncə isə iqtidar partiyasının forumunda mənim həbsim istənilib".
Satirik-jurnalist daim izləndiyini də məhkəmə heyətinin diqqətinə çatdırıb: "Bir il yarım öncə Şamaxıda saxlanmışam, ötən il keçirilən parlament seçkiləri qabağı Goranboy və Naftalanda izlənmişəm. Bu il iyunun 23-də həbsimdən iyirmi dəqiqə qabaq "Azadlıq" qəzetindən beş dəfə mənə zəng edərək izləndiyimi çatdırıblar".
O, həbs edilən zaman fiziki təzyiqə məruz qaldığını və polis idarəsinə aparılarkən narkotik maddənin onun cibinə polis əməkdaşı Adil Ələkbərov tərəfindən atıldığını bildirib. Məhkəmədə şahidlərin ifadəsi də üst-üstə düşməyib. Hal şahidinin ifadəsi ilə şahid qismində dindirilərin ifadələri də ziddiiyətli olub.
Vəkil Vüqar Xasayev Mirzə Sakitin siyasi sifarişlə həbs edildiyini bildirib. O məhkəmədən də ədalətli qərar gözləmir.
Cənab Xasayevin sözlərinə görə, satirik-jurnalistin siyasi sifarişlə həbsi cinayət işinin materiallarında da özünü açıq biruzə verir. Belə ki, Baş Narkotiklərə Qarşı Mübarizə idarəsi narkotik satan və yayanlara qarşı əməliyyat keçirdiyi halda əməliyyat qrupu yalnız Mirzə Sakiti tutub.
Satirik-jurnalistin həyat yoldaşı Rəna Zahidova da məhkəmdən narazıdır. Onun sözlərinə görə, Mirzə Sakitə qarşı aparılan istintaq və məhkəmə haqsızlığın nümayişidir.
Mirzə Saktinin işlədiyi müxalifyönümlü «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid jurnalistə qarşı irəli sürülən ittihamı absurd adlandırıb. Onun fikrincə, satirik-yazar tənqidi şerlərinə görə həbsə atılıb.
Mirzə Sakitin hüquqlarını ictimai müdaifə komitəsinin sədri Emin Hüseynov məhkəmənin saxta sübutlara əsaslandığı qənaətindədir. Onun sözlərinə görə, jurnalisti həbs edənlərlə hal şahidlərinin ifadələri əksilik təşkil edir.
Hüquq müdafiəçisi İlqar İbrahimoğlu məhkəmədə müdafiə tərəfinin jurnalistə qarşı ittihamın haqsız olduğunu tam sübut etdiyini bildirib. Ancaq onun fikirncə, Azərbaycanda azad məhkəmə olmadığından yalnız beynəlxalq təzyiqlər sayəsində Mirzə Sakitin azadlığa çıxacağını gözləmək olar.
Məhkəmə işini sentyabrın 5-də davam etdirəcək.