Accessibility links

Zəfər Quliyev: Azərbaycan-Ermənistan yol xəritəsi də ortaya çıxa bilər 


Sual: Son dövrlər Cənubi Qafqaz və onun ətrafında qarşıdurmalar Azərbaycan üçün hansı siyasi perspektivlər vəd edir?

Cavab: Rusiyanın Gürcüstana müdaxiləsindən sonra faktiki olaraq Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə yeni, daha şiddətli mərhələsinə qədəm qoyub. Qərb, daha dəqiq desək ABŞ-la Rusiya arasında Cənubi Qafqazda mövqelərin möhkəmlənməsi uğrunda çox sərt mübarizə dövrü başlayıb. Azərbaycan üçün də, regionda aparıcı bir dövlət kimi çox riskli dövr başlayıb. Məhz, bu səbəbdən Azərbaycan son dövrdə daha ehtiyatlı xarici siyasət həyata keçirir. Bir tərəfdən Gürcüstanın taleyini yaşamaq istəmir. Gürcüstanda baş verənlərə oxşar bir ssenarinin Azərbaycanda həyata keçirilməsi daha real idi. Həm də Azərbaycanın Qarabağ problemi var.
Bu səbəbdən ehtiyatlı siyasət başa düşüləndir. Ehtiyatlı kurs həm siyasi, həm də enerji sahəsində özünü göstərir. Qərblə əvvəlki enerji siyasəti davam etdirilir. Eyni zamanda, qazın satılması barədə Rusiya ilə imzalanan memorandum da, göstərir ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir. Bununla yanaşı, Cənubi Qafqaz uğrunda mübarizə gərginləşdikcə Azərbaycanın manevr etmək imkanları da məhdudlaşır. Manevr imkanlarının azalması nəhayətdə Azərbaycanı seçim qarşısında qoyacaq.

Sual: Cənubi Qafqaz və onun ətrafında vəziyyət son həftələrdə daha da mürəkkəbləşib. Türkiyə Ermənistanla sərhədlərini açmaq istəyir. Belə bir vəziyyətdə Azərbaycanın perspektiv siyasi qazancı nə ola bilər?

Cavab: Sərhədlərin açılması Azərbaycan üçün çox ağrılı məsələdir. Bununla bağlı media, ictimaiyyət, hətta rəsmi dairələr çox narazı mövqedən çıxış edir. Belə nəticə çıxır ki, guya Azərbaycanın maraqları nəzərə alınmır, proseslərdən tamamilə kənarda qalıb. Hesab edirəm ki, bu belə deyil. Vaşinqtonun yeni administrasiyasının Cənubi Qafqazla bağlı yeni proqramı var. Bu planda həm Türkiyə - Ermənistan, həm də Azərbaycan - Ermənistan münasibətlərinin yaxşılaşdırılması nəzərdə tutulub. Aydındır ki, Azərbaycan Ermənistan münasibətlərinin düzəlməsi Dağlıq Qarabağ probleminin Rusiyanın təsirindən çıxarılması və problemin həlli deməkdir. Bu səbəbdən də Azərbaycan proseslərdən kənarda deyil. Burada razılaşdırılmış siyasi oyun aparılır. Yəni məsələlər ABŞ, Türkiyə, Ermənistan və Azərbaycan tərəfindən razılaşdırılıb. Güman etmək olar ki, Türkiyə -Ermənistan yol xəritəsindən sonra Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi yol xəritəsi ortaya çıxacaq. Proseslər paralel olaraq irəliyə gedəcək.

Sual: Yol xəritəsi müəyyən proqramların həyata keçirilməsi üçün cızılır. Deməli ortada proqramlar da var. Cənubi Qafqazda və bütövlükdə regionda dövlətlər arası münasibətlərdə bir gərginlik var, həm də NATO Rusiya münasibətləri gərgin olaraq qalır. Belə bir mürəkkəb vəziyyətdə Rusiya hərbi-siyasi mənada Cənubi Qafqazdan çəkilə bilərmi?

Cavab: Cənubi Qafqazda ümumilikdə son yüz illiklərdə siyasi-hərbi durum daim gərgin olub. Rusiya heç vaxt Cənubi Qafqazdan könüllü çıxmaq istəməyib və yenə də belədir. Hazırda da Türkiyə - Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılması Rusiyanın strateji maraqlarına cavab vermir. Dağlıq Qarabağ problemində də irəliləyişin olacağı təqdirdə Rusiya Cənubi Qafqazı tam itirə bilər. Son yüz illiklərdə Rusiya ilk dəfə bütövlükdə Qafqazı itirmək təhlükəsi ilə üz-üzə qalmaqdadır. Aydındır ki, Rusiya müqavimət göstərəcək və bu özünü büruzə verir. Rusiya MDB məkanında enerji sahəsində monopolist dövlət rolunda çıxış etməyə çalışır, Nabucco layihəsinə qarşı uzun müddətdir mübarizə aparır. Azərbaycanı və Orta Asiya ölkələrini özünə yaxınlaşdırmağa çalışır. Eyni zamanda Azərbaycanda gedən son antitürk kampaniyasında da Azərbaycanın Rusiya meylli əhalisi ilə yanaşı Rusiyanın şüurlu rolu var. Rusiya çalışacaq ki, Azərbaycan - Türkiyə münasibətləri korlansın, Gürcüstanda yeni təxribatlar törədilsin. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, ABŞ və qərb Cənubi Qafqaz uğrunda çox ciddi mübarizə aparır və bu regionda siyasi vəziyyəti dəyişə bilər.

XS
SM
MD
LG