ABŞ Dövlət katibi Entoni Blinken və Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sallivan gələn həftə Alyaskada Çinli həmkarları ilə görüşəcək. Bu, Prezident Co Baydenın yanvarın 20-si vəzifəyə başladığından bəri yüksək səviyyəli Amerika və Çin rəsmilərinin ilk görüşü olacaq.
"Blinken və Sullivan Çin Xalq Respublikasının Xarici İşlər üzrə Mərkəzi Komissiyanın direktoru Yan Tzeçi və Dövlət Müşaviri Van Yi ilə Alyaskanın Ankoric şəhərində görüşəcək. Görüş Dövlət Katibi Blinkenin bizim regional müttəfiqlərimiz Tokio və Seulla görüşdən sonra baş tutacaq. Dövlət Katibi Blinken və Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sullivan Çin Xalq Respublikası ilə bir sıra məsələləri müzakirə edəcək" - deyə, Dövlət Departamentinin bəyanatında bildirilib.
Çərşənbə günü Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində ifadə verən Blinken "Bu, ABŞ-ın, tərəfdaşlarımızın və müttəfiqlərimizin təhlükəsizliyinə, firavanlığına və dəyərlərinə zərər gətirən Pekinin davranışları ilə əlaqədar bir çox narahatlığımızı açıq şəkildə müzakirə etmək üçün vacib bir fürsətdir" deyib.
Blinken gələn həftə Çin rəsmiləri ilə müzakirə etməyi planlaşdırdığı məsələlər arasında Çin Kommunist Partiyasının ABŞ-ın soyqırım və insanlığa qarşı cinayətlər adlandırdığı müsəlman azlığı olan uyğur məsələsinə də münasibət bildirməsini istəyəcəyini bildirib.
Çin rəsmiləri Pekinin Sincanda insan haqları pozuntuları ilə bağlı iddiaları rədd edir.
"Əgər gizli bir şeyləri yoxdursa, bizə göstərsinlər, dünyaya göstərsinlər" - deyə, Blinken Çini dünyanın bu regiona çıxışını təmin etməyə çağırıb.
O əlavə edib ki, əlavə sanksiyalar, viza məhdudiyyətləri və digər mümkün ölçülər soyqırımla birbaşa əlaqəsi olanlara tətbiq edilə bilər. Beləliklə Sincanda məcburi əmək yolu ilə istehsal edilən əhsulların idxalına son qoyulacaq.
Çərşənbə günü Ağ Ev Bayden administrasiyasının ilk ABŞ-Çin görüşünün “Amerika torpağında” keçirilməsinin vacib olduğunu bildirib.