Accessibility links

ABŞ-ın başçılıq etdiyi koalisiyanın hücumu nəticəsində Suriyada 40 nəfər ölüb


Deir Əl-Zur, Syria

Suriya mətbuatının və Britaniyada fəaliyyət göstərən müxalif insan haqları müşahidə qrupunun verdiyi məlumata görə, ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava hücumları nəticəsində Suriyada azı 40 nəfər ölüb.

Hava hücumları Suriyanın şərqində Hacin şəhəri yaxınlığında Əbu Hüsn kəndində baş verib. Suriyanın İraqla sərhədində yerləşən həmin ərazi Deir Əl-Zur kimi tanınır.

ABŞ-ın başçılıq etdiyi koalisiya bu məlumatları təsdiqləməyib. Komandir müavini general mayor Kristofer Gika Associated Press-ə bildirib ki, döyüş gözlənildiyi kimi “çətin” keçib.

“Biz bunun asan olacağını düşünmürdük. Bunlar bizim ən qətiyyətli döyüşçülərimizdir və hazırlanmaq üçün çox vaxtları olub”, o deyib.

Paris Universitetinin politoloqu Xəttar Əbu Diab Amerikanın Səsinə bildirib ki, pis hava şəraiti və buludlu səma militantların itirdikləri əraziləri geri almalağa cəhd etmələrinə imkan yaradıb, çünki bu hava quruda döyüşməyi çətinləşdirib.

Suriya İnsan Haqları Müşahidə Qrupundan Rami Əbdel Rəhman deyib ki, bu, koalisiya sentyabr ayında əraziyə hücum edəndən bəri ən yüksək tələfatdır. O, hava hücumları nəticəsində otuzdan çox İŞİD üzvünün, bundan əlavə isə mülki vətəndaşlar və militantların ailə üzvlərinin öldüyünü bildirib.

Bu arada isə Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, Suriya qüvvəlləri militantların Suriyanın cənubunda Tulul Əl-Səfadakı son istinadgahının nəzarətini yenidən ələ keçirib. Qrup bildirib ki, İŞİD militantları Badia səhrasına doğru geri çəkiləndən sonra ordu əraziyə nəzarəti ələ ala bilib.

Suriyanın SANA xəbər agentliyi də bu məsələ barədə yazıb. Xəbər agentliyinin verdiyi məlumata görə, əsgərlər ərazidə qalan cihadçıları axtarır.

XS
SM
MD
LG