Accessibility links

ABŞ-ın Corciya ştatında Senata seçkilərin ikinci raundu keçirilir


Çərşənbə axşamı ABŞ-ın cənubi Corciya ştatında Senatdakı iki yer uğrunda səsvermənin ikinci raundu keçirilir. Bu önəmli səsvermənin nəticələri ABŞ Senatına Respublikaçılar, yaxud Demokratların nəzarət edəcəyini müəyyən edəcək.

Respublikaçı Senator Deyvid Perdu televiziyada sənədli film prodüseri olan Demokrat namizəd Con Ossofla mübarizə aparır. Ölkənin ən zəngin qanunvericilərindən biri olan Respublikaçı senator Kelli Loeffler isə baptist rahib Rafael Vornokla yarışır.

Seçki günündən öncə rəy sorğuları iki Demokratın az səs fərqi ilə öndə olduqlarını göstərir. Bu dörd namizəddən heç biri noyabrda keçirilən seçkinin ilk raundunda mütləq səs çoxluğu əldə etmədiyi üçün səsvermənin ikinci raundu keçirilir.


Erkən səslər çərşənbə axşamı hesablanmağa başlayacaq və qaliblərin rəsmi olaraq seçki günü axşam saatlarında bəlli olacağı gözlənilir.

Rəsmilər deyir ki, erkən səvermə fəallığı prezident seçilən Demokrat Co Baydenin noyabr ayında qalib gəldiyi rayonlarda yüksək olub, lakin Respublikaçılar çərşənbə günü seçici fəallığının onların xeyrinə olacağını deyirlər.

Noyabr ayında Corciyada bənzər mənzərə müşahidə edilmişdi. Belə ki, Demokratlar daha çox erkən səsvermə yolu ilə səs vermişdilər, Respublikaçılar isə seçki günündə seçki məntəqələrinə yollanmışdılar. Erkən səsləri hesablamaq daha uzun vaxt aldığı üçün seçki günündə Donald Trampın öndə olduğu düşünülsə də, nəticədə o həmin ştatda məğlub oldu.

İndi Senata hansı partiya nəzarət edir?

Hazırda Respublikaçılar 50-48 səs fərqi ilə çoxluq təşkil edirlər. Çərşənbə axşamı Respublikaçıların səsvermələrdən birində belə qalib gəlməsi ilə partiya Senata nəzarət etməyə davam edəcək.

Əgər Vornok və Ossoff ikisi də qalib gəlsə, Senatda 50-50-yə bərabərlik yaranacaq. Bu isə vitse-prezident seçilən Kamala Harrisə komitələrin təşkili və qanunvericilik gündəminə nəzarət kimi məsələlərdə Demokratların xeyrinə səs verərək bərabərliyi pozmaq imkanı verəcək.

Respublikaçıların Senata nəzarəti isə Baydenin növbəti iki ildə qanunvericilik gündəmini həyata keçirməsini çətinləşdirəcək və sağlamlıq sığortası, immiqrasiyaya nəzarət və iqlim nizamlamaları kimi məsələlərdə geniş müzakirələrin aparılmasına səbəb olacaq.

Bazar ertəsi nümayişlər keçiriləcək

Həm Bayden, həm də Prezident Donald Tramp seçicilərə təsir göstərmək məqsədilə bazar ertəsi Corciyada mitinq keçirəcək.

“Güc sizin əlinizdədir,” Bayden deyib. “Mənim karyeram boyu şahid olmadığım bir haldır ki, bir ştat təkcə növbəti dörd il deyil, növbəti nəsil üçün gedişatı dəyişə bilər.”

O deyib ki, corciyalılar noyabr ayında prezident seçkisində rekord fəallıq göstəriblər və nəticədə o, cüzi fərq ilə ştatda qalib gəlib. “İndi bizim sizin yenidən rekord dərəcədə fəal olmağınıza ehtiyacımız var,” o söyləyib.

Tramp bazar ertəsi ştatın şimal hissəsində Respublikaçıların çoxluq təşkil etdiyi Dalton anklavında mitinq keçirib və tərəfdarların bu seçkinin “sevdiyimiz Amerikanı qurtarmaq üçün son şans” ola biləcəyini deyib.

“Ultra-sol ölkəmizi dağıtmaq, tariximizi məhv etmək və əziz gördüyümüz hər şeyi silmək istəyir,” Tramp deyib. Bu, həyatınızın sonunadək iştirak etdiyiniz ən mühüm seçki ola bilər,” o, əlavə edib.

Şərhlərə bax

XS
SM
MD
LG