Accessibility links

ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə minir


Tramp adminstrasiyası İranın gəmiçilik, maliyyə və enerji sektorlarını hədəf alan sanksiyalarının bərpa edildiyini elan edib. Bununla Tehrana qarşı tətbiq edilən sanksiyaların ikinci raundu bərpa edilir.

İranda hazırda iqtisadi böhran yaşanır. Milli valyuta məzənnəsi bir dollara 145 min rial səviyyəsinə enib, halbuki keçən il bu nisbət bir dollar üçün 40.5 min rial təşkil edirdi. İqtisadi tənəzzül ölkədə keçən ilin sonu kütləvi etiraz nümayişlərinə gətirib çıxarmışdı. Verilən məlumatlara əsasən, etirazlar zamanı təxminən 5 min nəfər həbs edilib, azı 25 adam öldürülüb.

Birləşmiş Ştatalar sanksiyaların məqsədinin İranda hakimiyyətin devrilməsi deyil, regional hərbi qruplaşmalara dəstək və uzaqmənzilli ballistik raketlərin inkişaf etdirilməsi ilə bağlı rəsmi Tehranın davranışını dəyişməyə nail olmaq məqsədi daşıdığını bidirir. Lakin Trampın şəxsi vəkili Rudi Culiani və ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ictimaiyyətə açıqlamalarında İranda teokratik rejimin dəyişməsinə dəstək bildiriblər.

Tramp sanksiyaların bərpa edilməsi qərarını ABŞ-da Konqresə mühüm ara seçkiləri ərəfəsində elan edib. ABŞ prezidenti Twitter səhifəsində HBO tele-kanalında “Taxtların oyunu” tele-serialının stilində, üzərində “Sanksiyalar gəlir” yazılmış şəklini yerləşdirib. İranda sərt xətt tərəfdarları buna İslam İnqilab Keşikçilərinin Qüds Korpusunun komandiri Kasim Suleymaninin üzərində “Mən sənə qarşı duracam” yazılmış şəkli ilə cavab veriblər.

İranda ABŞ əleyhinə etirazlar
İranda ABŞ əleyhinə etirazlar

Sanksiyaların qüvvəyə minməsindən bir neçə saat öncə minlərlə iranlı 1979-cu ildə İslam İnqilabı zamanı ABŞ səfirliyinin ələ keçirilməsi və girov böhranının ildönümünü qeyd etmək məqsədilə etiraz nümayişləri keçirib.

1979-cu ildə iranlı tələbələr İslam İnqilabından sonra Birləşmiş Ştatların Tehrandakı səfirliyini ələ keçirmiş və 52 amerikalını 444 gün ərzində girov kimi saxlamışdı. Buna cavab olaraq ABŞ İranla diplomatik əlaqələri kəsmişdi.

ABŞ prezidenti Donald Trampın Amerikanın İran və dünyanın qüdrətli dövlətləri arasında imzalanmış 2015-ci il sazişindən çıxdığını elan etməsindən sonra İranda Birləşmiş Ştatlara qarşı qəzəbin daha da artdığı müşahidə edilir.

Nüvə sazişinin imzalanması nəticəsində Tehranın nüvə proqramının məhdudlaşdırması müqabilində İrana qarşı tətbiq edilmiş beynəlxalq iqtisadi və maliyyə sanksiyalarının bir çoxu aradan qaldırılmışdı.

Tramp keçmiş prezident Barak Obama dövrü imzalanmış nüvə sazişinin zəif olduğunu və İranın mənafelərinə uyğun olduğunu deyərək tənqid edirdi.

XS
SM
MD
LG