Accessibility links

Şimali Koreya lideri ABŞ-ın yenidən dialoqa başlamaq təklifini rədd edib


Şimali Koreya lideri Kim Conq Un ABŞ-ın dialoqa yenidən başlamaq təklifini rədd edib. Lakin o, Cənubi Koreya ilə əlaqələri yaxşılaşdırmağa açıq olduğunu deyib.

Cümə axşamı Şimali Koreyanın dövlət mediasında yayımlanan çıxışında Kim ABŞ-ın danışıqlar aparmaq istəyinin Vaşinqtonun "düşmənçilik siyasəti"ni ört-basdır etmək üçün bir "şou" olduğunu deyib.

Koreya Mərkəzi Xəbər Agentliyinin bildirdiyinə görə, Kim "ABŞ-ın bizə qarşı hərbi təhdidi və düşmənçilik siyasətində heç bir dəyişiklik yoxdur, əksinə onların ifadələri və üsulları daha hiyləgər olub" deyib.

ABŞ Prezidenti Co Baydenin administrasiyası Şimali Koreyanı 2019-cu ildən bəri dəfələrlə ölkənin nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə çağırıb.

Dövlət Departamentinin Kimin çıxışına cavab olaraq Amerikanın Səsinin Koreya Xidmətinə göndərdiyi elektron məktubunda ABŞ-ın rəsmi adı Koreya Xalq Demokratik Respublikası olan Şimali Koreyaya qarşı "heç bir düşmənçilik niyyəti yoxdur" deyilib.

"Bizim siyasətimiz ABŞ-ın, müttəfiqlərimizin və regiona yerləşdirilmiş qüvvələrimizin təhlükəsizliyinin artırılmasında irəliləyiş əldə etmək üçün Koreya Xalq Demokratik Respublikası ilə praktiki bir diplomatiyanın yollarını araşdırmaqdan ibarətdir. Biz əvvəlcədən heç bir şərt qoymadan Koreya Xalq Demokratik Respublikası ilə görüşməyə hazırıq. Ümid edirik ki, bu ölkə də bizim müraciətimizə müsbət cavab verəcək" - deyə, ABŞ-ın bəyanatında bildirilib.

Kim bu çıxışını çərşənbə günü, Şimali Koreyanın ABŞ-ın raketdən müdafiə sistemlərindən yan keçmək üçün hazırladığı yeni hipersonik raketin sınağının təfərrüatlarını açıqladığı gün edib.

Şimali Koreya qonşusu Cənubi Koreya ilə dialoqa açıq olduğunu bildrsə də, bu ay üç raket sınağı həyata keçirib.

Şimali Koreya yeni hipersonik raketi ilə ölkənin sürətlə genişlənən arsenalına daha bir yeni komponent əlavə edib.

Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreyanın şimal regionundakı Caqanq vilayətinin səmasına buraxdığı hipersonik Hvason-8 adlanan raketin ilk fotosunu yayımlayıb.

KCNA-nın məlumatında sınağın müvəffəqiyyətlə keçirildiyi və bu hipersonik silahın Şimali Koreya lideri Kim Conq Unun yanvar ayında böyük siyasi bir toplantıda bəyan etdiyi beşillik müdafiə planının "beş prioritetindən" biri olduğu bildirilib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG