Accessibility links

ABŞ: Əfqanıstanda hərbi missiya ilə bağlı bütün variantlar masa üzərində qalır


Amerika Birləşmiş Ştatları bir il əvvəl Talibanla bağlanan sülh müqaviləsinə əsasən Əfqanıstandan 2500 ABŞ əsgərinin çıxarılması üçün mayın 1-də qoyulmuş müddətdən sonra ölkədə hərbi öhdəliklərlə bağlı heç bir qərar verilmədiyini bildirib.

Bu açıqlamalar ABŞ Dövlət Katibi Entoni Blinkenin Əfqanıstan Prezidenti Əşrəf Qaniyə ünvanladığı məktubda ABŞ-ın sülh səylərinin gücləndirilməsi təkliflərini nəzərdən keçirmədiyi təqdirdə, Qani hökumətinin Talibanla təkbaşına mücadilə edə biləcəyinə dair xəbərdarlıq etməsi ilə bağlı məlumatlara cavab olaraq verilib. Təkliflərə Birləşmiş Millətlər Təşkilatının başçılığı ilə Əfqanıstanda sülh prosesinin irəliləməsi üçün beynəlxalq konfransın təşkili də daxildir.

“Bir qayda olaraq biz xarici liderlərlə yazışmalarla bağlı məlumat vermirik” - deyə, Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinin sualına cavabında bildirib.

"Mayın 1-dən sonra Əfqanıstanda qüvvələrimizlə bağlı heç bir qərar verməmişik. Bütün variantlar masa üzərində qalır", sözçü əlavə edib.

Əfqanistanın yüksək səviyyəli rəsmiləri və müxalifət siyasətçiləri Qaninin və ölkənin Sülh Şurasının başçısı Abdulla Abdullanın məktubu aldıqlarını təsdiq edib. Onlar ABŞ-ın Əfqanıstan üzrə sülh elçisi Zalmay Xəlilzadın göndərilən məktubda təklif olunan sülh planını müzakirə və izah etdiyini bildirib.

Xəlilzadın sülh prosesinə nəzarət etmək üçün Kabildə müvəqqəti hökumətin yaradılması ilə bağlı təkliflərini də müzakirə etdiyi bildirilib.

Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh Blinkenin məktubuna məhəl qoymayaraq, hökumətinin məktubun məzmunu ilə maraqlanmadığını və belə bir sülh planı ilə razılaşmayacağını deyib.

"Amerika və NATO-nun konfranslar təşkil etmək və Talibanla Əfqanıstandakı hərbi qüvvələri barədə danışmaq haqqı var. Lakin bizim də başqalarının cədvəlinə əsaslanan və 35 milyonluq Əfqanıstanın taleyi ilə bağlı güzəşt edilən bir müqavilə bağlamamaq haqqımız var" - deyə, Saleh bildirib.

ABŞ və Taliban arasında daha əvvəl əldə edilən razılaşmaya əsasən, Amerika və NATO əsgərlərini may ayına qədər ölkədən çıxaracaq, bunun əvəzində isə üsyançılar terror əməliyyatlarını dayandıracaq və iyirmi illik müharibəyə həmişəlik son qoymaq üçün əfqan rəqibləri ilə danışıqlara başlayacaq.

XS
SM
MD
LG