Accessibility links

ABŞ Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının ildönümü ilə bağlı bəyanat açıqlayıb


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında 44 gün davam edən döyüşlərə son qoyan atəşkəs razılaşmasının imzalanmasının ildönümü münasibətilə bəyanatla çıxış edib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqladığı bəyanatda Birləşmiş Ştatların keçən il döyüşlərdə həyatını itirənlərin ailələrinə başsağlığı bildirilib.

“Ötən il hərbi əməliyyatlar zamanı həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz həbsdə olanların hamısının qaytarılmasına, itkin düşmüş şəxslərin tam qeydiyyata alınmasına, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin humanitar hərtərəfli minalardan təmizlənməsinə və beynəlxalq humanitar təşkilatlara ehtiyacı olanlar üçün çıxış imkanına çağırırıq. Biz həmçinin iddia edilən insan hüquqları pozuntuları və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılmasına çağırırıq” - deyə bəyanatda bildirilir.

Birləşmiş Ştatlar həmçinin Cənubi Qafqaz regionunda təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təmin edilməsinə sadiq qaldığını bildirib.

“Biz Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll olunmamış məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi də daxil olmaqla qarşılıqlı fəaliyyəti davam etdirməyə və intensivləşdirməyə çağırırıq” – deyə ABŞ Dövlət Departamentinin sözçüsünün açıqladığı bəyanatda bildirilir.

Bəyanatda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonun regionun hər üç ölkəsi ilə ikitərəfli məsələləri müzakirə etmək və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün bölgədə olduğu qeyd edilib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG