Accessibility links

ABŞ Belarusdakı səfirliyinin işini dayandırıb


ABŞ-ın Minsdəki səfirliyi

Dövlət Departamenti Rusiyanın Ukraynaya hücumu səbəbiylə ABŞ-ın Belarusdakı səfirliyinin işini dayandırdırdığını və qeyri-vacib işçilərin könüllü olaraq Moskvadakı səfirliyə getmələrinə icazə verdiyini bildirib.

“Biz bu addımları Rusiya hərbi qüvvələrinin Ukraynada heç bir səbəb olmadan və əsassız hücumundan irəli gələn təhlükəsizlik tədbirləri olaraq atdıq” - deyə, ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-də verdiyi açıqlamasında bildirib.

Belarus Rusiyanın sadiq müttəfiqidir və Moskvanın onun ərazisindən Ukraynaya hücumlar üçün istifadə etməsinə icazə verir.

İndiyə qədər Belarus Rusiya qüvvələrinin Kyivə şimaldan zərbə endirməsi üçün meydan kimi istifadə olunurdu və hər hansı bir döyüşdə yalnız bir neçə Belarus xüsusi təyinatlı dəstəsinin iştirak etdiyi güman edilirdi. Lakin Rusiyanın işğalı Kremlin gözlədiyindən daha güclü müqavimətlə üzləşdiyi və Kyiv Rusiya ordusunun qarşısında hələ də qətiyyətlə dayandığına görə, Rusiya lideri Vladimir Putin hücumu gücləndirmək üçün çoxdankı müttəfiqinə müraciət edib.

Belarusun tam şəkildə iştirakı Belarus qüvvələrinin nəinki Ukrayna paytaxtına Rusiyanın mühasirəsini gücləndirəcəyi, həm də Ukraynanın şimal-qərbi və mərkəzinə daha geniş zərbələr endirərək, on minlərlə insanın təxliyə olunması gözlənilən Lviv şəhərini təhlükəyə atacaq daha bir cəbhə xəttinin açılması riski yaradır.

ABŞ kəşfiyyatı Belarus lideri Aleksandr Lukaşenkonun 48 minlik ordusunu yaxın bir neçə saat və ya gün ərzində Ukraynada gedən müharibəyə göndərəcəyini gözləyir.

XS
SM
MD
LG