Dekabrın 4-də Azərbaycan müdafiə naziri Zakir Həsənovun ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperlə görüşündə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri müzakirə olunub.
Müdafiə naziri Zakir Həsənov bildirib ki, hər iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan Azərbaycan zabitlərinin sayının artırılması qərara alınıb.
Xanım Kuper ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanın NATO missiyasında iştirakı, Əfqanıstanda sülhyaratma əməliyyatları, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqazda təhlükələr də diqqət mərkəzində olub.