Accessibility links

Koronavirusun yaratdığı iqtisadi böhranla mübarizə aparan amerikalılar


Ayova ştatının qubernatoru koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün mühüm olmayan müəssisələrin bağlanmasına göstəriş verdikdən sonra Alta şəhərində yaşayan Coys Ridstrom saç salonunun qapılarını bağlamalı oldu.

Bu arada isə Ayova iqtisadiyyatının əsas aparıcısı olan ət istehsalı sənayesi virusun təsirlərinə məruz qalıb və adətən gecə-gündüz işləyən emal müəssisələri virusun yayılması səbəbindən bəzən günlərlə bağlı qalıb. Bu günlər həm özəl, həm də ştat miqyasındakı iqtisadiyyatın vəziyyəti sabit deyil.

Coys Ridstrom 36 ildir saç ustasıdır. Gündə 10-12 müştərisi olan bu qadın zarafatla "indi yalnız günləri görürəm" deyir. Həyat yoldaşı Deyv qarğıdalı, soya paxlası, saman və yulaf kimi məhsulları yetişdirməyə davam edə bilsə də, Coys vaxtını nəyə sərf edəcəyini bilmirdi. Nəhayət bu həftə o, ilk tərəvəz bostanını əkdi.

"Adətən salonda bütün günü işlədikdən sonra evə çox yorğun gəlirdim. Nə küçəyə, nə də bağa çıxmaq istəmirdim. İndi evdə olduğum üçün düşündüm ki, bunu etməliyəm" - deyə, o bildirir.

Keçən həftə ABŞ-ın Əmək Departamenti ilkin 4.4 milyon insanın işsizlik müavinətinə müraciət etdiyini bildirdi. New York Times bu yaxınlarda Amerikada hər altı işçidən birinin işini itirdiyini yazmışdı. Son beş həftə ərzində ümumilikdə 26 milyon insan işsizlik təzminatı üçün müraciət edib.

Lakin Ridstrom ailəsinin bəxti çox cəhətdən gətirib. Karantin səbəbindən iş yerlərinin basğlanmasına baxmayaraq, Coysun həyat yoldaşı kənd təsərrüfatı ilə məşğul ola bilir. Onların hərəsinin dörd övladı olan oğlu və qızı yaxınlıqda yaşayır və onların da həm gəlirləri var, həm də hökumətdən yardım alırlar. Qonşu mahalda yaşayan valideynlərinin də səhhəti yaxşıdır.

Onların bölgəsi üçün çox şey Storm Leykdəki 'Tyson Foods' donuz emalı zavodunun işini davam etməsindən asılıdır. Lakin donuz əti sənayesi ikiqat zərbəyə məruz qalıb. Belə ki, restoranların bağlanması, bazarda donuz əti məhsullarına qiymətlərin düşməsi və donuz əti emalı zavodları işçilərinin virusa yoluxmasından sonra müəssisələr bir-birinin ardınca bağlanmağa başlayıb. Sonuncusu, Alta şəhərindən təxminən 250 kilometr şərqdə yerləşən 'Tyson Foods' isə bu həftənin çərşənbə günü bağlanıb.

Yerli xəbərlərdə bəzi fermerlərinin donuzlarını sata bilmədikləri və saxlamağa yerləri olmadığı üçün onları öldürdükləri bildirilir.

Ridstrom ailəsi Storm Leykdəki Tayson şirkətinə məxsus donuz əti qablaşdırma və hinduşka emalı zavodlarının bağlanacağı təqdirdə nə baş verəcəyindən narahatdır.

"Onların da bağlanması Buena-Vistanın dağılması deməkdir" deyə, Coys bildirir. O deyir ki, zavodda işləyən bir dostu iş yerinin bağlanmaması üçün işçilərin özlərini qorumağa çalışdıqlarını deyib.

XS
SM
MD
LG