İyulun 29-da Nümayəndələr Palatasının Nyu Cersi ştatından olan üzvü Frank Pallonenin və onun Konqresdə Erməni Məsələləri üzrə kokusunun (qrupunun) təklif etdiyi düzəliş ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilib.
217-212 səs fərqi ilə qəbul olunan düzəlişdə ABŞ-ın Azərbaycana hərbi maddi və təlim dəstəyinin qarşısının alınması təklif olunur.
Pallonenin Konqresin rəsmi səhifəsində bildirilir ki, qanun layihəsinə Ermənistanın “demokratik, iqtisadi və enerji islahatlarına dəstək vermək üçün” 50 milyon dollar daxildir. Bundan əlavə, qanun layihəsi ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Təlim, habelə Xarici Hərbi Maliyyələşdirmə proqramları çərçivəsində Azərbaycana təhlükəsizlik sahəsində maddi yardımın qarşısını alır və “2 milyon dolları Ermənistanda, Arsaxda (Dağlıq Qarabağ) minaların təmizlənməsi proqramına yönəldir.”
“Mən qürur duyuram ki, Nümayəndələr Palatasının qəbul etdiyi maliyyə qanun layihəsinə Ermənistana misli görülməmiş dəstək daxil edilib və mənim düzəlişim Azərbaycana açıq siqnal göndərir ki, Birləşmiş Ştatlar sülh və sabitliyə təhlükə yaradan avtoritar rejimlərə dözməyəcək,” Konqresmen Frank Pallone düzəlişin qəbul edilməsi ilə bağlı bildirib.
ABŞ Nümayəndələr Palatasının Erməni kokusunun daha bir üzvü, kaliforniyalı konqresmen Adam Şiff Amerikanın Səsinin Erməni xidmətinə verdiyi müsahibədə "Frank Pallonenin təklif etdiyi və Azərbaycana hərbi dəstəyi kəsəcək düzəlişə dəstək verilməsini razılıq hissi ilə qarşıladığını" deyib.
"Bu addımın Nümayəndələr Palatasında reallaşdığını görmək məni sevindirdi. Bu prosesdə hələ çox iş görməliyik" - deyə o bildirib.
"Bu, maliyyəyə dair hər il qəbul edilən qanun layihəsidir və müvəffəq olsaq, bunun hər il təkrar olunması lazım olacaq, amma rejim təcavüzkar hərbi hərəkətlərini davam etdirdikcə, biz ölkəyə yardımın göstərilmədiyinə əmin olmalıyıq", Adam Şiff əlavə edib.
O, qanun layihəsinin təsdiq üçün ABŞ Senatına göndəriləcəyini və orada təsdiq olunduğu təqdirdə, imzalanmaq üçün ABŞ Prezidentinə təqdim olunacağını bildirib.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç isə Amerikanın Səsinin Azərbaycan xidmətinə bildirib ki, bu yeni düzəlişin qəbul edilməsi ona "Azadlığa Dəstək" Aktına 907-cü düzəlişin ilk başda nə üçün qəbul edilməməli olduğunu xatırladır, çünki onun sözlərinə görə, "bu düzəliş regionda sülh üçün daha çox problem yaradıb."
“Bundan əlavə ikinci məqam ondan ibarətdir ki, düzəlişdə Ermənistana ədəmiyyətli yardım paketi daxildir ki, bu yardımın bəzi elementləri çox yararsızdır. Belə ki, keçmişdə də olduğu kimi həmin pulun bir hissəsi Dağlq Qarabağa ayrılıb,” o bildirib.
Səfir Kazlariç hazırda Pallonenin təklif etdiyi düzəliş kimi qanun layihəsini təsdiq etmək üçün yanlış zamanın olduğunu düşündüyünü bildirib.
“Bildiyiniz kimi, sərhəddə yenidən döyüşlər baş verib. Məncə, indi tərəfləri ciddi diplomatik prosesə cəlb etmək vaxtıdır. Bu prosesdə sərhədin demarkasiyası, minaların və partlamamış bomaların təmizlənməsi, qaçqın və digərdin düşən insanların geri qaytıması kimi ciddi məsələlər müzakirə olunmalıdır. Ona görə də mən düşünürəm ki, indi məsələyə, prosesə və nə Azərbaycan, nə də Ermənistana yardım etməyən yeni bir şey əlavə etmək üçün yanlış zamandır,” o bildirib.
Səfir Kazlariç deyib ki, yalnız sülh prosesi və müzakirələr başlayandan, habelə tərəflərin buna ciddi yanaşdığı aydınlaşandan sonra hər hansı maddi dəstəyin bu prosesə yardım edib-etmədiyini müzakirə etmək olar. “Amma hazırda belə bir vəziyyət olmadığına görə, mən bunun yaxşı ideya olduğunu düşünmürəm,” o əlavə edib.
10 noyabr 2020-ci il Azərbaycan, Ermənistan və Rusiya liderlərinin döyüş əməliyyatlarının dayandırlması barədə imzaladığı bəyanatdan sonra ilk dəfə iyulun 28-də lokal xarakterli döyüşlər qeydə alınıb. Nəticədə Ermənistan 3 hərbi qulluqçusunu itirib, 4 hərbi qulluqçusu yaralanıb, Azərbaycan Ordusunun da 2 hərbi qulluqçusu bu döyüşlərdə yaralanıb.
Azərbaycan və Ermənistan iyulun 28-də Rusiyanın atəşkəs təşəbbüsünü qəbul etdiklərini elan etsələr də, iyulun 29-da sərhəddə yenə atışma olduğu bildirilib. Tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır.
İyulun 29-da ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış edərək, Azərbaycan-Ermənistan sərhədində baş verən son insidentlərin, o cümlədən tələfatla bağlı xəbərlərin narahatlıq doğurduğunu bildiriblər. Həmsədrlər Ermənistan və Azərbaycanı vəziyyəti dərhal de-eskalasiya etməyə, təhrikedici ritorika və əməllərdən yayınmağa və noyabrın 9-da imzalanan bəyanat, habelə digər atəşkəs razılıqları altındakı öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıblar.
“Həmsədrlər münaqişənin bütün razılaşdırılmış, hərtərəfli və davamlı həllinə ehtiyacı bir daha vurğulayırlar və tərəfləri mümkün qədər tez bir zamanda həmsədrlərin himayəsi atında danışıqları bərpa etməyə çağırırlar. Onlar tərəflərin prioritetlərini əks etdirən və ilkin şərtsiz strukturlaşdırılmış gündəmi birlikdə nəzərdən keçirib, üzərində razılaşmaları üçün həmsədrlərin himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təklifini təkrarlayırlar.”
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays iyulun 28-də açıqladığı bəyanatda bildirib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı gərginliyin azaldılmasına çağırıb.
“Biz Ermənistan və Azərbaycanı gərginliyin azaldılması üçün dərhal təcili addımlar ataraq, atəşkəsə dair öhdəliklərini yerinə yetirməyə çağırırıq. Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik, bütün həll olunmamış məsələlərə toxunan hərtərəfli bir həll yolunun iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyini və bölgə xalqlarının birlikdə sülh içində yaşamasını təmin edə biləcəyini vurğulayır. ABŞ Ermənistanı və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə substantiv müzakirələrə qayıtmağa çağırır,” ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
İyulun 28-də, həmçinin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon söhbəti zamanı Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Filip Rikerin iki ölkə arasında sərhəddə gərginliklə bağlı narahatlığını ifadə etdiyi bildirilib.
Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.