Accessibility links

ABŞ Nəqliyyat Komandanlığının komandanı ilk səfərini Azərbaycana edib


Azərbaycanda səfərdə olan ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyons noyabrın 9-da prezident İlham Əliyev və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.

Azərbaycan prezidentinin rəsmi internet saytının yaydığı məlumata görə, prezident Əliyev Azərbaycan ilə ABŞ arasında möhkəm tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji və müdafiə sahələrini əhatə etdiyini deyib və uzun tarixə malik əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərin inkişafında rolunu qeyd edib. Dövlət başçısı Əfqanıstanda ölkəsinin beynəlxalq sülh və sabitliyə töhfə verdiyini bildirərək, Azərbaycanın bu ölkədə sülhməramlı əməliyyatlarda iştirak edən ilk dövlətlərdən biri olduğunu deyib.

Dövət başçısı Azərbaycanın Əfqanıstanda iştirak edən əsgərlərinin sayının bu yaxınlarda daha da artırıldığını və Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfələrinin, NATO ölkələrinə göstərdiyi nəqliyyat-logistika dəstəyinin NATO üzv dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Əfqanıstanla ikitərəfli münasibətlərə toxunan prezident qeyd edib ki, bu münasibətlər böyük önəm daşıyır və ölkəsi Əfqanıstan hökumətinə müxtəlif sahələrdə öz yardım və dəstəyini göstərir.

“Bu baxımdan Əfqanıstanda sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə vermək məqsədilə keçən il ölkəmiz “Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində yüksək səviyyəli tədbirə ev sahibliyi edib”, o qeyd edib.

Azərbaycanda nəqliyyat infrastrukturu, o cümlədən avtomobil və dəmir yolları, hava və dəniz limanlarına böyük həcmdə investisiya qoyulduğunu bildirən Əliyev Azərbaycanın nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biri olduğunu deyib.

General Stefen Lyons bildirib ki, Azərbaycan ilə ABŞ arasında strateji əlaqələr çox böyük önəm daşıyır. Stefen Lyons Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına nəqliyyat sahəsinə böyük dəstək verdiyini və bunun yüksək qiymətləndirildiyini bildirib. O, Əfqanıstanda xidmət etmiş hərbçi kimi Azərbaycanın bu ölkədə yüksək səviyyədə həyata keçirtdiyi işlərin şahidi olduğunu deyib.

Nəcməddin Sadıkov və Stefen Lyons
Nəcməddin Sadıkov və Stefen Lyons

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə isə Baş Qərargah rəisi Nəcməddin Sadıkov regiondakı hərbi-siyasi durum və cəbhə xəttindəki hazırkı vəziyyətdən danışıb. O Ermənistan-Azərbaycan münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin mümkün olduğunu diqqətə çatdırıb.

Azərbaycan-ABŞ münasibətlərinin ikitərəfli və NATO-nun müxtəlif proqramları çərçivəsində, o cümlədən təhsil sahəsində inkişaf etdiyini qeyd edən Nəcməddin Sadıkov bildirib ki, iki ölkə arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə əməkdaşlıq yüksək səviyyədə davam etdirilir.

ABŞ generalı yeni vəzifədə ilk rəsmi xarici səfərini Azərbaycana etdiyini bildirib. O, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfəni yüksək qiymətləndirərək bu sahədə fəal əməkdaşlığa görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan sülhməramlılarının xidmətini nümunəvi adlandıran general Stefen Lyons Əfqanıstanda həyata keçirilən missiyanı Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsi olduğunu vurğulayıb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.

Xatırladaq ki, ABŞ Nəqliyyat Komandanlığının bundan əvvəlki komandanları da Azərbaycanda səfərdə olub və Əfqanıstana yüklərin daşınması məsələlərini müzakirə edib. Sonuncu səfər 2016-cı il dekabrın 16-da baş tutub.

XS
SM
MD
LG