ABŞ prezidenti Donald Tramp koronavirusdan həyatlarını itirən bütün amerikalıların xatirəsinn anılması üçün növbəti üç gün ərzində bütün federal binalarda və abidələrindəki bayraqların yarıya endirilməsinə göstəriş verib.
Cümə axşamı Twitter səhifəsində Tramp bazar ertəsi - Xatirə Günü bayraqları endirməklə, eyni zamanda ölkələri uğrunda canlarından keçən hərbçilər və qadınları da şərəfləndirəcəyini yazıb.
Bu arada isə Miçiqan ştatının baş prokuroru deyib ki, Tramp ictimaiyyət arasına çıxanda maska taxmaqdan imtina edərsə, ştata dəvət olunmayacaq.
Cümə axşamı Tramp ventilyatorlar hazırlamağa başlayan Detroyt yaxınlığındakı Ford avtomobil zavodunu ziyarət edib.
Trampı zavodu gəzdirən Ford rəhbərlərinin hamısının maskalarda olmasına baxmayaraq, Tramp həmişə olduğu kimi maska taxmaqdan imtina edib.
Miçiqan ştatının baş prokuroru Dana Nessel Ford Motors zavoduna gələnlərin hamısının maska taxmasının məcburi olması yalnız bu zavodun siyasəti olmadığını, bunun ştatın qanunu olduğunu deyib.
"Ondan gələcəkdə ştatımızdakı hər hansı qapalı obyektə bu şəkildə girməməsi xahiş olunacaq. Əks təqdirdə həmin şirkətlərə qarşı tədbir görməli olacağıq" - deyə, baş prokuror bildirib.
Trampa zavodda maska taxmağın məcburi olduğu deyildiyi sualının cavabında Ford-un idarə heyətinin sədri Bill Ford "onun özü bilər" deyib.
Tramp isə maskanı jurnalistlərin olmadığı yerlərdə taxdığını, mediaya onu maskada görmək zövqünü vermək istəmədiyini deyib.
Prezidentin Ağ Evindəki köməkçilərinə açıq şəkildə maska taxmaq istəmədiyini, bunun onun zəifliyini göstərdiyini dediyi bildirilib.
Demokratların bir çoxunun və bəzi qubernatorların Ağ Evin koronavirusun yayılması ilə bağlı atdığı addımlardan şikayətlənməsi belə görünür Trampın reytinqinə az təsir göstərib.
Associated Press və Çikaqo Universiteti tərəfindən keçirilən son rəy sorğuları prezidentin işinin 41% əhali tərəfindən dəstəklədiyini göstərib. Bu isə onun prezidentliyi dövründə əldə etdiyi dəstəyin eyni səviyyədə qalması deməkdir.
Cümə axşamı prezident hökumətinin Britaniyanın dərman istehsal edən AstraZeneca şirkəti ilə 400 milyon dozada potensial koronavirus peyvəndi istehsal etməsi üçün razılaşma əldə etdiyini bildirib.
ABŞ hökumətinin peyvəndin inkişafına dair `Johnson & Johnson`, `Moderna` və Fransanın`Sanofi` şirkətləri ilə də razılaşmaları var.
Mütəxəssislər isə koronavirus peyvəndinin 18 ay müddətinə hazır olmaya biləcəyini desələr də, son zamanlar əldə edilən nailiyyətlər peyvəndin daha gec hazır olacağını göstərir.