ABŞ və Çin cümə günü mümkün ticarət müharibəsinin qarşısını almaq məqsədilə keçirilən yüksək səviyyəli danışıqların ikinci gününü başa çatdırıb.
Maliyyə naziri Stiven Mnuçinin başçılıq etdiyi ABŞ deleqasiyası şənbə günü prezident Donald Trampa görüşlə bağlı məlumat verəcək və “növbəti addımlarla bağlı onun qərar verməsini gözləyəcək,” Ağ Evin bəyanatında bildirilib. Bəyanatda həmçinin qeyd edilib ki, administrasiya ABŞ və Çin arasında ticarət və sərmaye əlaqələrini dəyişdirməyə “təcili olaraq diqqət ayrılmalı” olduğu üzərində razılaşır.
“Biz sabah nəticələri müəyyən etmək üçün görüşəcəyik, amma vəziyyət Çin üçün çətindir, çünki onlar ABŞ-la ticarətdən çox faydalanıblar," deyə Tramp Twitter-də yazıb.
"Hər iki tərəf bəzi məsələlərlə bağlı ciddi ikir ayrılıqlarının olacağını və irəliləyiş əldə etmək üçün səylərini artırmalı olduqlarını dərk edir,” deyə Çin Xinhua dövlət xəbər agentliyi vasitəsilə yaydığı bəyanatda bildirib.
Şənbə Çinin hakim Kommunist Partiyasının People’s Daily qəzetində dərc olunan baş məqalədə isə bildirilib ki, “ABŞ-ın sərt proteksionizm hücumu qarşısında Çin qətiyyətlə milli maraqlarını müdafiə edir” və əlavə edib ki, Pekin “heç vaxt təməl maraqlarını satmayacaq.”
Bu açıqlama Mnuçinin iki tərəf arasında “yaxşı danışıqların” aparıldığını deməsindən sonra edilib.
Tramp 150 milyard dollar dəyərində Çin idxallarına yeni tarifflər tətbiq etməklə hədələyib, Pekin isə cavab olaraq 50 milyard dəyərində ABŞ məhsullarına vergi tətbiq edib.