ABŞ hava yolları şirkətləri bazar günü yüksək yoluxuculuğa malik omikron variantının COVID-19 hallarına artıma səbəb olması nəticəsində artıq üçüncü gündür yüzlərlə uçuşu ləğv edib və Milad bayramı tətili zamanı on minlərlə səyahətçini planlarını dəyişməyə məcbur edib.
FlightAware.com vebsaytının məlumatına görə, kommersiya hava yolları bazar günü Birləşmiş Ştatlarda 656 daxili və beynəlxalq uçuşları ləğb edib. Ondan bir gün öncə Milad Günündə 1000, ondan da öncəki gün isə 700 uçuş ləğv olunub.
Bundan əlavə 920-dən çox uçuş təxirə salınıb.
Adətən Milad bayramı zamanı hava səyahətində pik yaşanır, lakin omikron variantının sürətli şəkildə yayılması COVID-19-a yoluxma hallarında kəskin artıma səbəb olub, hava yolları da pilot və ekipaj üzvlərinin karantinə girməsi səbəbilə uçuşları ləğv etməli olub.
Delta Hava Yolları şirkəti də bazar günü 300 uçuşu ləğv etməyi planlaşdırır.
“ABŞ-da qış havası və omikron variantı Deltanın bayram həftəsonu uçuş cədvəlinə təsir göstərməyə davam edir,” Deltanın sözçüsü emaillə göndərdiyi bəyanatında bildirib.
FlightAware qlobal miqyasda bazar günü təxminən 2150 uçuşun ləğv olunduğunu, 5798 uçuşun vaxtının dəyişdiyini bildirib.
Omikron ilk dəfə noybar ayında üzə çıxıb və hazırda ABŞ-da yoluxmaların təxminən dörddə üçünü təşkil etdiyini bildirib. ABŞ-da ortalama gündəlik yoluxma halları son bir həftədə 45 faiz artaraq 179 minə çatıb.
Son araşdırma nəticələri göstərir ki, omikron koronavirusun öncəki variantları ilə müqayisədə xəstəliyin daha yüngül keçməsi, daha az insanın xəstəxanaya yerləşdirilməsi ilə nəticələnir.