Accessibility links

Aclıq aksiyası davam etdirilir


Aclıq edənlər - Zəfər Əhmədov, Rafiq Baxışov və Füzuli Hüseynov
Aclıq edənlər - Zəfər Əhmədov, Rafiq Baxışov və Füzuli Hüseynov

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə yanvarın 3-dən keçirilən aclıq aksiyasını yanvarın 19-dan Müsavat Partiyasının qərargahında 3 nəfər davam etdiririk."

Bunu aksiya iştirakçısı Zəfər Əhmədov (siyasi məhbus Fuad Əhmədlinin atası) bildirib.

Hazırda aclıq aksiyasında Zəfər Əhmədov, Rafiq Baxışov (siyasi məhbus Orxan Baxışlının atası) və “tək-adam aksiya”ları ilə tanınan Füzuli Hüseynov iştirak edir.

Onun sözlərinə görə, hələlik sağlıq durumlarında ağırlaşma yoxdur, odur ki, aclığı davam etdirə bilirlər.

Rafiq Baxışov və Zəfər Əhmədov aksiyaya yanvarın 15-də, Füzuli Hüseynov isə yanvarın 17-dən qoşulub.

Aclıq aksiyasına hələ rəsmi münasibət bildirilməyib. Aksiya iştirakçıları ombudsmanın və ölkədə akreditə olunan diplomatik nümayəndəliklərin də onlara baş çəkmədiyini bildirib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq aclığa başladığını bəyan edib. O hazırda maye süd məhsulları qəbul etsə də qida qəbulundan imtina edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Azərbaycanda yanvarın 2-də ictimaiyyət nümayəndələrinin blogerə dəstək məqsədii ilə başladığı aclıq aksiyası Müsavat Partiyasının mənzil qərargahında davam etdirilir.

Öz növbəsində, Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Yüksək dövlət məmurları ölkədə hüququn aliliyinin təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə, siyasi baxışlarına görə həbs edilmədiyini bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bildirir. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

XS
SM
MD
LG