Accessibility links

Aclıq aksiyası keçirən Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili reanimasiyaya köçürülüb


“Exo Kavkaza” reanimasiya həkimi Quliko Kiliptariyə istinadən yazır ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxana xəstəxanasında vəkillərlə görüş zamanı huşunu itirdikdən sonra reanimasiya şöbəsinə köçürülüb. O, 49 gün idi ki, aclıq edirdi.

“Yüngül reanimasiya tədbirlərinin köməyi ilə onun vəziyyəti sabitləşib” – deyə, həkim bildirib.

Onun sözlərinə görə, Saakaşvili hazırda özünə gəlib və həkimlərin bütün suallarını cavablandıra bilib. O, hələlik reanimasiya şöbəsindədir.

Vəkili Beka Basilayanın dediyinə görə, huşunu itirmiş siyasətçi xərəkdə binadan çıxarılıb. “Tibbi rəy verə bilmərəm, lakin onun vəziyyəti çox ağır idi” – deyə, vəkil qeyd edib.

Kiliptari deyib ki, o, dəvət olunmuş mütəxəssisdir və Gürcüstanın keçmiş prezidentinin vəziyyəti pisləşən zaman "təsadüfən həbsxana xəstəxanasında olub”.

Bu arada ABŞ Dövlət Departamenti Saakaşviliyə qarşı rəftarı diqqətlə izləyir və rəsmi Tbilisini həbs olunmuş eks-prezidentlə “ədalətli və ləyaqətlə” rəftar etməyə çağırır. Bu barədə cümə axşamı Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Prays açıqlamasında bildirib ki, Dövlət Departamenti Gürcüstan ombudsmanının Saakaşvilinin saxlanmasına, o cümlədən keçmiş prezidentin səhhətini və həbsxana xəstəxanasının vəziyyətini qiymətləndirmək üçün müstəqil həkim qrupunun yaradılmasına nəzarətini yüksək qiymətləndirir.

“Biz Gürcüstan hökumətini cənab Saakaşvili ilə ədalətli və ləyaqətlə davranmağa və Ombudsmanın düzgün rəftarla bağlı tövsiyələrinə əməl etməyə çağırırıq”, – Prays deyib.

Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, Saakaşvilinin “ədalətli məhkəmə araşdırması hüququ var, o, xahiş edərsə, buna məhkəmə iclaslarında şəxsən iştirak etmək imkanı da daxildir”.

Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-dən Rustavi şəhərinin koloniyasındadır, elə həmin gündən aclıq aksiyasına başlayıb. Noyabrın 8-də o, həbsxana xəstəxanasına köçürülüb. Gürcüstanın eks-prezidentinin müdafiəsinin apellyasiya şikayəti verdiyi Avropa İnsan Haqları Məhkəməsi onu aclıq aksiyasını dayandırmağa çağırıb və siyasətçinin özəl klinikaya köçürülməsi tələbini dəstəkləməyib.

10 deputat və müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Saakaşviliyə dəstək üçün aclıq aksiyası keçirir. Noyabrın 13-də Tbilisidə onun tərəfdarlarının mitinqi keçirilib. Müxalifət siyasətçinin təqib edilməsinin sırf siyasi xarakter daşıdığını təkid edir.

XS
SM
MD
LG