Accessibility links

Kabil məktəbində intiharçı hücumu azı 19 nəfərin ölümünə səbəb olub


Əfqanıstanın paytaxtı Kabildə cümə günü səhər saatlarında şagirdlə dolu sinif otağında intiharçının həyata keçirdiyi bomba hücumu nəticəsində azı 19 şagird həlak olub, 27 nəfər yaralanıb.

Hadisənin qurbanları arasında qızlar da olub. Şahidlər və polis rəsmilərinin bildirdiyinə görə, partlayış şəhərin qərbindəki Daşe-Barçi bölgəsində, əsasən həzara şiələrinin məskunlaşdığı Kaac Təhsil Mərkəzində baş verib.

Kabil polisinin sözçüsü Xalid Zadran Amerikanın Səsinə ölənlər barədə məlumatı təsdiqləyərək, zorakılığı pisləyib. O, Talibanın təhlükəsizlik qüvvələrinin əraziyə getdiyini və araşdırma aparıldığını bildirib.

"Təhsil mərkəzinə intiharçı hücumu zamanı tələbələr qəbul imtahanına hazırlaşırdı. Təəssüf ki, 19 nəfər şəhid olub, 27 nəfər yaralanıb" - deyə, Zadran bildirib.

Sağ qalanların yerli mediaya dediyinə görə, intiharçı bombanı partladan zaman, Talibanın göstərişlərinə uyğun olaraq 400 oğlan və qız pərdə ilə ayrılmış otaqda sınaq imtahanı verib. Onlar ölənlərin sayının daha çox olduğunu və intiharçının bombanı qızların oturduğu bölmənin yaxınlığında partlatdığını deyib.

İslamçı Taliban 7-ci sinifdən 12-ci sinifə qədər qızların orta məktəblərə qayıtmasına qadağa qoyub. Lakin Əfqanıstanda ali təhsil almaq istəyən qız tələbələr üçün dövlət və özəl universitetlər açıb.

Adının açıqlanmasını istəməyən Kaac Təhsil Mərkəzinin rəsmisi Amerikanın Səsinə bildirib ki, azı 25 şagird həlak olub, 35 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.

Sosial şəbəkələrdə yayılan video və fotolarda qanlar içərisində olan qurbanların hadisə yerindən yaxınlıqdakı xəstəxanalara aparıldığı görmək olub.

ABŞ-ın Əfqanıstandakı diplomatik missiyasının rəhbəri cümə günü hücumu pisləyib. “İmtahan verən şagirdlərlə dolu otağı hədəf almaq rwsvayedicidir. Bütün tələbələr sülh şəraitində və qorxmadan təhsil ala bilməlidirlər. Yaralananların tezliklə sağalacağına ümid edir və mərhumların ailələri ilə birlikdə kədərlənirik" müvəqqəti işlər vəkili Karen Deker Twitter səhifəsində yazıb.

UNICEF “hücumdan dəhşətə gəldiyini” və təhsil müəssisələrində və ya yaxınlığında bu cür zorakılığın “qəbuledilməz” olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG