BMT-nin İnsan Haqları Şurasına bazar ertəsi təqdim edilən hesabatda Əfqanıstanın faktiki Taliban hökuməti "gender aparteidinə bərabər" siyasət yürütməkdə ittiham olunub.
BMT-nin Əfqanıstandakı insan haqları üzrə xüsusi məruzəçisi Riçard Bennet Şuraya deyib ki, "Talibanın məqsədyönlü və hesablanmış siyasəti qadın və qızların insan hüquqlarını rədd etmək və onları ictimai həyatdan silib çıxarmaqdır".
"Bu, hakimiyyət orqanlarının cavabdeh ola biləcəyi gender əsaslı təqiblərə bərabər ola bilər," o deyib.
Taliban 2021-ci ilin avqustunda ABŞ-ın rəhbərlik etdiyi Qərb qüvvələrinin təxminən 20 il davam edən müharibədən sonra ölkəni tərk etməsi ilə Əfqanıstanda hakimiyyətə qayıdıb.
Bennetin dediyinə görə, o, sentyabr ayında Şuraya ilkin hesabatını təqdim etdikdən sonra Əfqanıstanda vəziyyət pisləşməyə davam edib. O qeyd edib ki, "əfqanlar dünyanın öhdəsindən gələ bilməyəcəyi insan haqları böhranının tələsindədir".
Oktyabr və dekabr aylarında ölkəyə etdiyi səfərlərə əsaslanaraq, Bennet bildirib ki, o, hər hansı bir fikir ayrılığına qarşı daha sərt repressiyalar, qadın və qızlara, eləcə də etnik və dini azlıqlara təzyiqlərin artdığını müşahidə edib.
Qadınların və qızların parklara, idman zallarına və hamama getməsinə qadağa qoyulması ilə yanaşı, Taliban tərəfindən verilən yeni fərmanlar qadınların universitetlərə getməsini və qeyri-hökumət təşkilatları ilə işləməsini qadağan edib.
"Qadınlara və qızlara qarşı dəhşətli rəftar qəbuledilməzdir və heç bir səbəbdən, o cümlədən dinə görə haqq qazandıra bilməz," Bennet deyib.
"Heç bir ölkə yetkin əhalisinin yarısı faktiki olaraq evdə həbsdə olarkən funksiya göstərə bilməz" - deyə, Bennet bildirib. O əlavə edib ki, qadınların Qeyri Hökumət Təşkilatlarında işləmələrinə qoyulan qadağa ölkə boyu iqtisadi, sosial və mədəni sahələrdə problemlərin daha da dərinləşməsinə səbəb olub.
Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, 2021-ci ildə Taliban hakimiyyəti ələ keçirdikdən sonra yoxsulluq səviyyəsi iki dəfə artıb və 28 milyon insanın humanitar yardıma ehtiyacı var. Təşkilat 6 milyondan çox əfqanın aclıq astanasında olduğunu bildirib.
Bennet geniş yayılmış insan haqları pozuntuları, oğurluq və nikahdankənar əlaqələr də daxil olmaqla, iddia edilən cinayətlərə görə yüzlərlə qadın, uşaq və kişinin ictimaiyyət qarşısında şallaq cəzası alması barədə məlumat verib. O, Taliban tərəfindən döyüşçülərin çox sayda məhkəməsiz edamı, əsassız həbslər və işgəncələr barədə etibarlı məlumatlar aldığını deyib.