Avropa Parlamenti cümə axşamı Səudiyyə Ərəbistanını qəyyumluq sistemini ləğv etməyə çağırıb. Bu sistem altında qadınlar evlənmək kimi məsələlərdə kişi ailə üzvündən icazə almalıdırlar.
Parlament üzvləri həmçinin kişi qəyyumlara sərhədi keçən qadınları izləməyə icazə verən “dövlət veb xidmətləri” ilə bağlı narahatlığını ifadə edib. Səudiyyənin Absher adlı tətbiqetməsi qadınlar səyahət edərkən kişilərə xəbərdarlıq göndərir.
İllər ərzində qəyyumluq sistemi zəifləsə də, hələ də qüvvədədir. Sistem altında hər bir səudiyyəli qadına bir kişi qohum təyin edilir. Bu adətən ya ata ya da həyat yoldaşı, bəzi hallarda isə əmi, qardaş və hətta oğul olur. Onlar evlənmək, passport almaq və ya xaricə səfər edə bilmək üçün həmin kişi qohumun icazəsini almalıdırlar. Aİ qanunvericiləri assambleyanın üçdə ikisindən çoxunun təsdiq etdiyi qətnamədə Səudiyyə hökümətini sistemi dərhal ləğv etməyə çağırıb.
Sənəddə deyilir ki, hazırda krallıqdakı mövcud qanunlara əsasən qadınlara “ikinci-dərəcəli vətəndaş” kimi rəftar olunur. Qanunvericilərin sözlərinə görə, Aİ ölkələri qadınların vəziyyətini və insan haqlarını yaxşılaşdırması üçün Ər-Riyada təzyiq göstərməyə davam etməlidir.
Parlamentin qətnamələri məcburi olmasa da, Aİ hökümətləri və Aİ müəssisələrinin qərarlarına təsir göstərə bilər. Qətnamə Avropa İttifaqının icraçı komissiyası Səudiyyə Ərəbistanını çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsinə zəif nəzarət etdiklərinə görə təhlükə törədən ölkələrdən ibarət qara siyahıya əlavə etməsindən bir gün sonra qəbul edilib.
İttifaqın Səudiyyə Ərəbistanı ilə münasibətləri Vaşinqtonda fəaliyyət göstərən səudiyyəli jurnalist Camal Xaşuqcinin oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilməsindən sonra soyuyub.
Vəliəhd şahzadə Məhəmməd bin Salmanın qadınların maşın sürmələrinə qadağaın ləğv edilməsi kimi diskriminasiya hallarının azalmasına gətirib çıxaran islahatlar etməsinə baxmayaraq, qanunvericilər deyir ki, “Səudiyyənin siyasi və sosial sistemində hələ də diskriminasiya mövcuddur”.
Onlar qadın haqları müfadiəçilərinin azadlığa buraxılmasına çağırıb. Onlar arasında qadlnların maşın sürmələrinə tətbiq olunan qadağanın aradan qaldırılması üçün kampaniya aparan insanlar da daxildir.
Qanunvericilər həmçinin Səudiyyə Ərəbistanında ölüm cəzasına təcili moratoriuma çağırıb. Onlar deyir ki, Səudiyyə Ərəbistanında narkotik alveri, xəyanət, zina və mürtədlik kimi qeyri-zorakı qanun pozuntularına da ölüm cəzası tətbiq olunur.
Avropa İttifaqı parlamenti oktyabr ayında Xaşuqcinin qətli ilə bağlı beynəlxalq istintaqa çağıran qətnamə qəbul edib və Aİ ölkələrini krallığa silah satışını dayandırmağa çalışıb.