“İş adamları müəyyən əməllər üzrə ittiham olunur. Araşdırmalar, məhkəmə prosesləri göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox". Bu barədə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir qrup iş adamının saxlanması ilə bağlı jurnalistlərin sualının cavabında bildirib.
Əli Həsənov deyib ki, Azərbaycan prezidenti İlham Əliyev dövlətin iş adamlarını dəstəklədiyini bir daha vurğulayıb.
“Prezident də qeyd etdi ki, iş adamlarından yeganə tələbimiz Azərbaycanın mövcud qanunvericiliyinə əməl etmələridir”, Həsənov qeyd edib.
Xatırladaq ki, son günlər yerli media banklara milyon manatlarla kredit öhdəliklərini yerinə yetirə bilməyən və vergi borcları olan xeyli iri şirkətlərin sahibkarlarının hüquq-mühafizə orqanlarına çağırıldığını yazır. Bununla yanaşı, rəsmi orqanlar hələ bu məlumatlara şərh vermir.